ABŞ Prezidenti Donald Tramp (Donald Trump) Kanada, Meksika və Çindən idxal edilən məhsullara əlavə gömrük rüsumları tətbiq edən sərəncam imzalayıb.
20 yanvarda rəsmi olaraq vəzifəyə başlayan Donald Tramp, seçki kampaniyası zamanı dəfələrlə bəhs etdiyi əlavə vergilər məsələsi ilə bağlı hərəkətə keçib. Ağ Evin açıqlamasına görə, Tramp Kanada, Meksika və Çindən idxal edilən mallara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Bu çərçivədə, Kanada və Meksikadan idxal edilən məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyi bildirilib. Kanadadan idxal olunan enerji məhsullarına isə 10 faiz daha aşağı tarifin tətbiq ediləcəyi qeyd olunub.
Tramp məsələyə dair açıqlamasında, "Bu qərar, qanunsuz miqrantlar və vətəndaşlarımızın həyatına son qoyan fentanil də daxil olmaqla ölümcül narkotiklərdən qaynaqlanan ciddi təhdidə cavab olaraq, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində qəbul edilib", – deyə bildirib.
Amerikalıları qorumağın və hər kəsin təhlükəsizliyini təmin etməyin onun birinci dərəcəli vəzifəsi olduğunu vurğulayan Tramp, "Seçki kampaniyam zamanı sərhədlərimizdən qanunsuz miqrantların və narkotiklərin girişini dayandıracağıma söz vermişdim və amerikalılar böyük əksəriyyətlə bu vədi dəstəklədilər", – deyə xatırladıb.