“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. Amma “Zirə” də bu gün layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qurban Qurbanov etdiyi əvəzetmələrdən və heyətlə bağlı problemlərindən də söhbət açıb:
“Əvəzetmələr həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Yassin Benzya ilə Abdullah Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur. Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah, qayıdacağıq”.
Təcrübəli çalışdırıcı əlcəzairli yarımmüdafiəçi Yassin Benzyanın Ağdam klubunu tərk etməyə hazırlaşdığı barədə xəbərləri də təkzib edib: “Doğru məlumat deyil. Benzya komandadadır”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının “Qarabağ” üzərində ilk ev qələbəsi barədə bunları dilə gətirib:
“Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüf ki, 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə apardılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi “Araz-Naxçıvan”la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik.
“Qarabağ” çox sıx qrafikdə oynayır. Gözləyirdik ki, ikinci hissədə onlarda temp aşağı düşər. Düzdür, bunu çox da hiss etmədik. Çox fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm”.