AZ

"Volkswagen" Hindistan hökumətini məhkəməyə verib - 1,4 milyard dollarlıq vergi tələbi

"Volkswagen" Hindistan hakimiyyətini 1,4 milyard dollarlıq "son dərəcə böyük" vergi tələbini ləğv etməyə məcbur etmək üçün məhkəməyə verib.

Valyuta.Az xəbər verir ki, şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə bu tələbin Yeni Dehlinin avtomobil hissələrinin idxalına dair vergi qaydalarına zidd olduğunu və biznes planlarına ciddi təsir göstərəcəyini iddia edib.  

Şirkətin Hindistandakı bölməsi – "Skoda Auto Volkswagen India", Mumbay Ali Məhkəməsinə təqdim etdiyi 105 səhifəlik məhkəmə sənədində bildirib ki, bu vergi mübahisəsi Hindistandakı 1,5 milyard dollarlıq investisiyalarını təhlükəyə atır və ölkədəki xarici sərmayə mühitinə mənfi təsir göstərir.

Sənəd ictimaiyyətə açıq olmasa da, "Reuters" tərəfindən araşdırıla bilinib.  

Hindistan hakimiyyəti ötən ilin sentyabr ayında "Volkswagen"ə qarşı 1,4 milyard dollarlıq idxal vergisi tələbi irəli sürüb. Səbəb kimi isə "Volkswagen", "Skoda" və "Audi" avtomobillərinin bəzi modellərinin idxalının ayrı-ayrı hissələrə bölünərək gömrük rüsumunun daha az ödənilməsi göstərilib.  

Rəsmilər iddia edir ki, "Volkswagen" demək olar ki, tam yığılmamış avtomobilləri idxal edib. Bu halda, avtomobil hissələrinin tam şəkildə gətirildiyi "CKD" (tam sökülmüş dəst) kateqoriyasına görə tətbiq edilən 30-35%-lik gömrük rüsumu ödənilməli idi. Lakin şirkət bu avtomobilləri "ayrı-ayrı hissələr" kimi təsnif edərək, cəmi 5-15% vergi ödəyib.  

"Volkswagen India" isə məhkəməyə bildirib ki, bu "hissə-hissə idxal" modeli barədə Hindistan hökumətini əvvəlcədən məlumatlandırıb və 2011-ci ildə bununla bağlı rəsmi təsdiq də alıb.  

Hökumətlə şirkət arasında etimad böhranı

Yanvarın 29-da məhkəməyə təqdim olunan sənəddə qeyd edilir ki, bu vergi tələbi "hökumətin əvvəlki mövqeyi ilə tam ziddiyyət təşkil edir" və xarici sərmayəçilərin Hindistan hökumətinə olan inamına zərbə vurur.  

Hindistanın Maliyyə Nazirliyi və gömrük orqanları bu məsələyə dair rəsmi iş saatları xaricində şərh verməkdən imtina ediblər.  

"Volkswagen"in Hindistandakı nümayəndəliyi isə açıqlamasında bildirib ki, şirkət bütün hüquqi vasitələrdən istifadə edərək hakimiyyət orqanları ilə əməkdaşlıq edir və beynəlxalq və yerli qanunlara tam uyğun fəaliyyət göstərməyə sadiqdir.  

Almaniyada yerləşən "Volkswagen"in mətbuat xidməti isə bu məsələyə dair şərh verməyib.  

Alman avtomobil istehsalçısı Hindistanın illik 4 milyon avtomobil satılan bazarında kiçik oyunçu hesab olunur. Onun "Audi" brendi isə lüks seqmentdə "Mercedes" və "BMW" kimi rəqiblərdən geri qalır.  

Vergi mübahisəsinin maliyyə təsiri

Məsələdən xəbərdar olan bir hökumət mənbəsi "Reuters"ə bildirib ki, cərimələr nəzərə alınarsa, "Volkswagen India" məhkəmədə məğlub olduğu halda ümumilikdə 2,8 milyard dollar ödəməli ola bilər. 2023-24-cü maliyyə ilində "Volkswagen India" 2,19 milyard dollar gəlir və 11 milyon dollar xalis mənfəət əldə edib.  

Bu vergi mübahisəsi, eyni zamanda, "Volkswagen"in xərcləri azaltmaq və çinli rəqiblərlə mübarizə aparmaq səyləri fonunda baş verir. Şirkət dekabr ayında Almaniyada 35 min iş yerinin ixtisarı ilə bağlı planlarını açıqlayıb. Ən böyük bazarı olan Çində isə bəzi əməliyyatlarını satacağını elan edib.  

Hökumət siyasətinə zərbə  

"Volkswagen" iddia edir ki, şirkət idxal vergisini artıran qaydaları pozmayıb. Çünki avtomobil hissələri vahid "dəst" kimi gətirilməyib, ayrı-ayrı yüklənərək yerli komponentlərlə birləşdirilib.  

Məhkəmə sənədlərində şirkət "dəst" anlayışını izah etmək üçün belə bir müqayisə aparır: Bir istehlakçı "Amazon"dan bir stul sifariş etdikdə, ona bütün hissələr və montaj üçün lazımi alətlər bir qutuda göndərilir. Lakin "Volkswagen"in avtomobil hissələri müxtəlif vaxtlarda və fərqli göndərişlərdə gətirilib.  

Hindistan hakimiyyətinin iddiasına görə, "Volkswagen"in yerli bölməsi avtomobil sifarişlərini Çexiya, Almaniya, Meksika və digər ölkələrdəki tədarükçülərlə əlaqələndirən daxili proqram təminatından istifadə edib. Bu sifarişlər sonra əsas komponentlərə bölünüb və hər avtomobil modeli üçün 700-1,500 hissə şəklində tədricən idxal olunub.  

Hindistan rəsmiləri bunu "malların tətbiq olunan rüsum ödənilmədən gömrükdən keçirilməsi üçün bir hiylə" kimi dəyərləndiriblər.  

Lakin "Volkswagen" məhkəməyə təqdim etdiyi sənəddə bildirib ki, idxal olunan hissələr konkret bir avtomobil modeli üçün xüsusi istifadə olunmayıb.  

Şirkət həmçinin "gizli proqram təminatından" istifadə ittihamını rədd edərək, bu sistemin sadəcə dilerlərin avtomobil sifarişlərini izləməyə və istehlakçı tələbatını makro səviyyədə analiz etməyə kömək etdiyini vurğulayıb.  

Hindistanda yüksək vergilər və uzunmüddətli hüquqi mübahisələr xarici şirkətlər üçün həmişə çətinlik yaradıb. Elektrikli avtomobil istehsalçısı "Tesla" da Hindistandakı yüksək idxal vergilərindən şikayətlənib.  

Məhkəmə sənədində bildirilir ki, bu vergi tələbi Hindistanda xarici investorlar üçün yaradılan "biznesin asanlaşdırılması siyasətinə" ciddi zərbə vurur.  

Qeyd edək ki, Mumbay Ali Məhkəməsi fevralın 5-də bu işə baxmağa başlayacaq.  

Rəhim

Seçilən
23
valyuta.az

1Mənbələr