AZ

İlqar Hüseynli: "Əsas məqsəd dövlət proqramının effektiv işləməsi və vəsaitlərin şəffaf xərclənməsidir"

Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

QHT.az xəbər verir ki, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu istiqamətdə uzun illər araşdırmalar aparılıb, minlərlə müsahibələr verilib, müxtəlif təklif və proqnozlar hazırlanıb. Nəticədə, məsələyə dövlət başçısı səviyyəsində müzakirə həsr edilib və genişmiqyaslı dövlət proqramı ictimaiyyətə təqdim olunub.

İlqar Hüseynli vurğulayıb ki, proqramın icrasında əsas prioritetlərdən biri onun effektiv işləməsi və ayrılan büdcə vəsaitlərinin şəffaf və səmərəli xərclənməsidir.

O, rəhbərlik etdiyi qurumun illər ərzində səsləndirdiyi bir sıra təkliflərin dövlət proqramında yer almasını müsbət qiymətləndirib. Həmin təkliflər arasında aşağıdakılar var:

  •  Bir neçə universitetin Bakıdan kənara və ya regionlara köçürülməsi;
  •  Sumqayıt-Sulutəpə-Xırdalan-Masazır-Novxanı ərazilərinin dairəvi yollar və yolötürücü xətlər vasitəsilə Koroğlu metrosu, Sabunçu və hava limanı ilə əlaqələndirilməsi;
  •  Orta məktəblərin məktəb avtobusları ilə təmin olunması;
  •  Dövlət və özəl sektorda, səhiyyə və təhsil sahələrində çalışanlar üçün dəyişkən iş rejiminin tətbiqi;
  •  Nəqliyyat qovşaqlarının koordinasiyası və tramvay nəqliyyatının bərpa edilməsi.

Bundan əlavə, İctimai Birlik nəqliyyat problemlərinin həlli üçün aşağıdakı tövsiyələri də irəli sürüb:

  • İşçilərin yaşayış yerinin analiz olunması və onların ixtisaslarına, əmək haqlarına uyğun olaraq yaxın müəssisələrdə yerləşdirilməsi;
  • Hibrid (onlayn və fiziki) iş rejiminin tətbiqi;
  • Qarabağ iqtisadi rayonunda könüllü çalışmaq istəyənlər üçün mənzil, əmək haqqı və torpaq sahəsi kimi imtiyazların verilməsi;
  • Ələt-Bakı və Sumqayıt-Bakı istiqamətlərində metrobus nəqliyyatının istifadəyə verilməsi.

İlqar Hüseynli qeyd edib ki, bu təkliflərin həyata keçirilməsi Bakı və ətraf ərazilərdə nəqliyyat axınını optimallaşdıracaq, tıxac problemini azaldacaq və şəhərin dayanıqlı inkişafına töhfə verəcək.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
14
qht.az

1Mənbələr