Futbol üzrə İspaniya millisinin və “Milan”ın hücumçusu Alvaro Morata bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
İstanbul nəhəngi ispan hücumçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Yarım mövsümlük icarə üçün İtaliya klubuna 6 milyon avro ödənilib.
Xatırladaq ki, Alvaro Morata 2024-cü ilin iyul ayında Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Moratanın “rossoneri”nin düşərgəsinə keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Cari mövsümdə Morata “Milan”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.
Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 84 oyuna 37 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Morata ötən il İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı ispan hücumçunun transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Qalatasaray”ın öz hücumçusu Vilfrid Zaha da icarə müqaviləsi əsasında “Şarlott” (ABŞ) klubuna keçib. MLS təmsilçisi də 32 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb.
Vilfrid Zaha “Kristal Pelas”ın yetirməsidir. Hücumçu karyerası ərzində “Mançester Yunayted”, “Kardiff Siti” və “Qalatasaray”da çıxış edib. O, “Qalatasaray”ın heyətində bütün yarışlarda 43 oyuna 10 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Zaha cari mövsümün ilk dövrəsini Lion “Olimpik”ində icarədə keçirib.
Vilfrid Zaha 2017-ci ilin yanvarında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
Zahanın qənimətlər muzeyində “Mançester Yunayted”lə İngiltərə Super Kuboku (2013/2014), “Qalatasaray”la Türkiyə çempionluğu (2023/2024) və Türkiyə Super Kuboku (2023/2024) var.
“Transfermarkt” internet-portalı 32 yaşlı Zahanın transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.