AZ

"Dəyərsizlik hissi gənclərdə aqressiv davranışlara yol açır" - Təhsil psixoloqu

“Özünə inamı az olan gənclərin üstün cəhətlərinin qabardılması onların özlərinə inam qazanmasına kömək edəcəkdir”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil psixoloqu Əhməd Əliyev söyləyib.

154289

Onun sözlərinə görə, kiçik yaşlardan davamlı müqayisə olunan uşaqların özlərini göstərmə ehtiyacı daha çox olur və bu, zamanla onların emosional vəziyyətinə də təsir göstərir:

 

“Psixoloji narahatlıqların nəticələri davranışlarda da özünü göstərir. Hər bir davranış pozuntusunun mütləq bir səbəbi vardır. Psixoloji narahatlıq yaşayan gənclərdə müxtəlif reaksiyalar meydana çıxır və bu reaksiyalar əsasən iki qrupa bölünür: daxilə yönəlmiş uyğunsuz davranışlar və xaricə yönəlmiş uyğunsuz davranışlar.

 

Daxilə yönəlmiş uyğunsuz davranışlarda gənclər adətən çox qəmgin, qorxmuş, günahkarlıq hissi içində, təzyiqlərə məruz qalaraq özlərinə inam hissini itirmiş və ətrafla əlaqələrini kəsmiş olurlar. Onlarda çox vaxt utancaqlıq, alçalmışlıq kimi duyğular da müşahidə oluna bilər.

 

Ata-analar və müəllimlər çox vaxt bu qapalı davranışları göstərən gənclərə lazımi diqqət ayırmır və onları “sakit”, “səssiz”, “sözəbaxan”, “tərbiyəli” kimi müsbət xüsusiyyətlərlə digər həmyaşıdlarına nümunə göstərirlər. Lakin bu gənclər duyğularını ifadə etməyən, həqiqətində isə daha çox diqqətə ehtiyacı olan gənclərdir. İçinə qapanmış gənclərin əsas xüsusiyyətləri arasında dırnaq yemək, tiklər, unutqanlıq, xəyala dalmaq, ata-anaya həddən artıq asılılıq, tez inciyib əhval-ruhiyyənin pozulması müşahidə oluna bilər.

 

Eyni zamanda, yeniyetmənin tez-tez yalan danışması da psixoloji narahatlığın əlaməti ola bilər. Yalan danışan gənc ya ata-anasının gözləntilərini doğrultmaqda çətinlik çəkir, ya da cəzadan qorxaraq yalana əl atır".

 

“Yeniyetmələrə narahatlıqlarını və hisslərini rahatlıqla dinləyən bir mühit təqdim etsəniz, onlarla düzgün ünsiyyət quraraq onlara rahatlıq verərsiniz. Bu halda gəncin hisslərini gizlətmək üçün yalana ehtiyacı qalmayacaq”, - Əhməd Əliyev qeyd edir.

 

"Psixoloji və maddi çatışmazlıq səbəbindən ortaya çıxan davranışlardan biri də oğurluqdur. Oğurluq edən bir gəncin mütləq ifadə etmək istədiyi bir sözü vardır. Bu, onun şəxsi həyatında mövcud olan və ya dəyişməsi lazım olan bir problemi əks etdirir. Bəzən gənclər dost qrupları ilə sırf əyləncə məqsədilə oğurluq edirlər, ya da dostlarından seçilməmək üçün buna etiraz etmirlər.

 

Oğurluq edən gəncin valideynləri soyuqqanlı yanaşmalıdır. Ağır cəzalandırmaq, onu evdən qovmaq, və ya döymək problemi daha da dərinləşdirəcəkdir. Belə gənclər cəzalarını çəkdiklərini düşünərək yenə oğurluq edə bilər. Əgər gənc ilk dəfə oğurluq edibdirsə, ata-ana və müəllimlər bağışlama mövqeyi tutmalıdır. İlk oğurluğun ağır cəzalandırılması, davamlı oğurluqlara gətirib çıxara bilər.

 

Aqressivlik isə adətən, gəncin psixoloji problemləri və ətrafı ilə normal münasibətlər qurmaqda çətinlik çəkməsi nəticəsində yaranır. Aqressiv davranışlar göstərən gənclər əslində özünə güvənsiz olanlardır və yaxşı münasibət gözləmədikləri üçün ilk reaksiyaları aqressiv olur".

 

Həmsöhbətimiz qeyd edib ki, aqressiv uşaq əslində qayğıdan məhrum və sevilmədiyinə inanan uşaqdır:

 

"Kobud hərəkətləri ilə özünü güclü göstərməyə çalışır. Ata-ananın qərarsız tərbiyə üsulu onun aqressivliyinə səbəb ola bilər. Aqressiv uşağın davranışları ailədəki natarazlıq və ətrafdakı neqativ şəraitlə əlaqəlidir. Sevgi çatışmazlığı, sərt cəzalar və davamlı anlayışsızlıq gəncin səhv yola yönəlməsinə səbəb olur. Bu halların qarşısını almaq üçün daha diqqətli olmaq lazımdır.

 

Narazı bir ailə atmosferi yeniyetmənin evdən və məktəbdən qaçmasına səbəb ola bilər. Ata və ana ən azından yeniyetmənin yanında mübahisə etməməlidir. Neqativ davranışlar uşağın özünə və ətrafdakılara qarşı dəyərsizlik hissinin yaranmasına səbəb olur. Bu səbəbdən müəllimlər, ata-ananın gəncə dəyər verdiyini hiss etdirməsi vacibdir. Onun istedadına və gücünə həddən artıq yüksək tələblər qoymamalıdır. Onun əldə etdiyi nəticələr nə qədər yüksək olmasa belə, onu tənqid etməməli, daha yaxşı nəticə əldə etməsi üçün onu incitmədən dəstək olmalıdır. Gənci daha yaxşı başa düşmək üçün onun dostlarını tanımaq və onlarla da yaxşı münasibət qurmaq vacibdir. Bu münasibətlərin hər birində eyni hörmət göstərilməlidir.

 

Aqressiv davranış sərgiləyən, ailə üzvləri ilə yaxşı münasibətləri olmayan yeniyetmənin davranışlarını analiz edərkən, onun ailəsi ilə münasibətlərində gərginlik olduğunu, hər xırda məsələyə görə əsəbiləşdiyini görmək mümkündür. Bu gənc valideynlərinin onu başa düşmədiyini, “anam məni keçmiş zamanla müqayisə edir”, kimi fikirlər irəli sürür. Bu, gəncin dəyərsizlik hissi yaşadığını və kiçik yaşlardan davamlı müqayisə edilən uşaqlarda daha çox özünü göstərdiyini əks etdirir. Dəyərsizlik hissi yaşadıqda isə, gənc aqressiv davranışlar sərgiləyir".

Seçilən
10
azedu.az

1Mənbələr