Mis, alüminium və dəmir filizi qiymətləri Donald Trampın Çin, Kanada və Meksikaya tariflər tətbiq etməsindən sonra ucuzlaşdı və bu, qlobal iqtisadi artımı sarsıda biləcək ticarət müharibəsi ilə hədələdi.

İndex.az xəbər verir ki, London Metal Birjasında mis qiymətləri 1,5 faizə qədər, alüminium isə analoji məbləğdə ucuzlaşıb.

Sinqapurda polad istehsalının əsasını təşkil edən dəmir filizi qiymətləri 3,5 faizə qədər ucuzlaşarkən, Çin bazarları  Yeni il bayramları səbəbiylə bağlı qalıb.

Tramp çərşənbə axşamından etibarən Çindən idxala 10 faiz, Kanada və Meksikaya isə 25 faiz rüsum tətbiq etdiyini açıqlayıb. Bunun nəticəsində dolların bahalaşması metal qiymətlərini təzyiq altında saxlayan amilə çevrildi. Çin Ticarət Nazirliyi təfərrüatları açıqlamadan “əks tarif tədbirləri” görəcəyini, həmçinin Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini bildirib.