“Belə olacağını gözləmirdim”.
Bunu İdman.biz-ə Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.
O, Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirindəki çıxışını dəyərləndirib: “Əfsanəvi Veyk-an-Zee turnirinin "Challengers" qrupunda iştirak etdim və əlavə göstəricilərə görə 2-ci yeri tutdum. Turnirdən öncə mənə 13 turdan 9,5 xalla çempion olmayacağımı desələr, yəqin ki, inanmazdım. Ancaq bəzi hallarda səni çempionluqdan məhrum edən yeganə şey şans olur. Məndə də belə olduğunu düşünürəm. Ağır olsa da, bu məni ruhdan salmır, gələcəyə daha da ümidlə baxmağa sövq edir”.
Qeyd edək ki, 19 yaşlı Süleymanlı yarışda yeddi qələbə qazanıb, beş oyunda heç-heçə edib və yalnız bir dəfə uduzub.
Aytac Sahəd
İdman.biz