AZ

Din xadimləri jurnalistlərin suallarına niyə cavab vermir? - DQİDK AÇIQLADI

Bir müddətdir ki, bəzi din xadimləri mətbuata, media nümayəndələrinə açıqlama verməkdən boyun qaçırır. Səbəb olaraq isə bildirirlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən onlara bu barədə məhdudiyyət tətbiq edilib. İddialara əsasən, komitənin həmin şəxslərdən onlara ünvanlanan sualların quruma yönləndirilməsi istənilir. Uyğun olduğu təqdirdə açıqlama vermək üçün din xadimlərinə komitə tərəfindən izin verildikdən sonra onlar mediaya danışa bilirlər.

Qalmaqallı məsələ ilə bağlı sözügedən quruma müraciət etdik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Yeni Sabah”ın sorğusuna cavab olaraq belə bir məhdudlaşdırmanın olmadığını bildirib:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən media ilə əlaqələrin razılaşdırılması ilə bağlı din xadimlərinin qarşısına tələb və ya məhdudiyyət qoyulmayıb. Eyni zamanda din xadimləri Komitəyə qeyd edilən məsələ ilə bağlı müraciət ünvanlamayıb”.

Həmçinin qeyd edilib ki, din xadimlərinə media ilə sıx əlaqədə olmaq tövsiyə edilib:

“İslamın və digər dinlərin mənəvi-əxlaqi dəyərlərinin, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərinin təbliği və təşviqində, dini maarifləndirmə prosesində din xadimlərinin fəal iştirakı mühüm əhəmiyyətə malikdir. Dini maarifləndirmə prosesində ənənəvi və sosial medianın funksiyalarından fəal istifadə edilməsinin əhəmiyyəti barədə dəfələrlə din xadimlərinə ünvanlanmış çağırışlar səsləndirilib. Dövlət Komitəsi  hesab edir ki, din xadimlərini dini maarifləndirmə işində, xalqımızın multikultural və tolerantlıq ənənələrinin təşviqində fəal iştirakı dövlətçilik maraqlarımız və cəmiyyətimizin ümumi mənafeləri baxımından vacibdir”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr