Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyəyə rəsmi səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, Ştaynmayer rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gedən ilk Almaniya dövlət başçısı olacaq. Ştaynmayer fevralın 5-də Türkiyədə olacaq. Bildirilib ki, səfərlər zamanı yüksək səviyyəli siyasi danışıqlar aparılacaq və əsas gündəm regional təhlükəsizlik, sabitlik və Qəzza və Suriyaya humanitar yardımın təşkili məsələsidir. Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada uçan Almaniya Prezidenti Ştaynmayer bu gün səhər saatlarında Səudiyyənin beyin mərkəzlərinin nümayəndələri ilə görüşəcək.
Almaniya Prezidenti günorta saatlarında Səudiyyə Ərəbistanı Krallığının Nazirlər Şurasının sədri, vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud tərəfindən hərbi mərasimlə qarşılanacaq, günortadan sonra isə vəliəhdlə görüşəcək. Axşam saatlarında Səudiyyə Ərəbistanının qadın futbolçuları və gənc istedadlarla görüşməyi planlaşdıran Ştaynmayer daha sonra “Jax District” incəsənət mərkəzinə baş çəkəcək. Ştaynmayer sabah səhər Kral Salman parkını ziyarət edəcək və günorta saatlarında İordaniyaya uçacaq. İordaniya kralı II Abdullah ilə görüşəcək Ştaynmayer İordaniyadakı təmaslarından sonra Ankarada AKP sədri və Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.