Panama prezidenti Xose Raul Mulino ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlardan sonra bildirib ki, ölkə hökuməti Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı anlaşma memorandumunu uzatmayacaq.
“Biz layihənin vaxtından əvvəl başa çatdırılması imkanlarını öyrənəcəyik”, – Mulino bildirib. Onun sözlərinə görə, danışıqlar zamanı Marko Rubio Panama kanalının qaytarılması və ya güc tətbiqi ilə bağlı “real təhdid” barədə danışmayıb.
Editor.az bildirir ki, bu barədə “PBS News” xəbər verir. Eyni zamanda, Mulino ABŞ prezidenti Donald Trampın Çinin regionda olmasının 1999-cu ildə su yolunun Panamaya verilməsinə dair razılaşmanı pozması ilə bağlı sözlərini xatırladıb. Bir neçə saat sonra Tramp bildirib ki, Panama kanalı məsələsinin həlli üçün Amerika əsgərlərinin iştirakı tələb olunmayacaq.
Xatırladaq ki, Çinin “Bir kəmər və yol” təşəbbüsü 2023-cü ilə qədər 149 ölkəni əhatə edən logistika, infrastruktur və ticarətin inkişafı strategiyasıdır. Bu barədə Panama ilə memorandum 2017-ci ildə imzalanıb və hər üç ildən bir yenilənir.
//Samir Qurbanov, Editor.az