Bakı,TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG-nin Ayn əl-Ərəb bölgəsindəki əsas liderlərindən biri olduğu iddia edilən Mahmut Ağcanı dəqiq əməliyyatla zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, MİT-in əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, Mahmut Ağca 2015-ci ildən Türkiyədə müxtəlif terror aktlarının təşkilində birbaşa iştirak edib.
Bu hücumlar nəticəsində onlarla türk əsgəri və polisi şəhid olub.
Ağcanın Suriyanın Ayn əl-Ərəb bölgəsində fəaliyyət göstərdiyi və burada təşkilat iclasları keçirdiyi müəyyən edilib. MİT-in xüsusi kəşfiyyat şəbəkəsi vasitəsilə onun dəqiq yerləşdiyi məkan müəyyənləşdirilib və əməliyyat uğurla icra edilib.
Qeyd edək ki, Mahmut Ağca 2006-cı ildə PKK-ya qoşulub, 2015-ci ilə qədər isə Mülki Müdafiə Birliklərində (YMH) fəaliyyət göstərib. Daha sonra təşkilatın hərbi kəşfiyyat bölməsinə keçib və Türkiyədə terror aktları təşkil etməyə başlayıb.
Suriyadan Türkiyə ərazisinə terrorçular və partlayıcı maddələr ötürməklə məşğul olub. Özünü təhlükəsiz hesab etdiyi üçün uzaqdan əməliyyatlara nəzarət etsə də, sonda MİT-in hədəfindən yayınmağı bacarmayıb.