Cənubi Afrikada vəziyyətin çox pis olduğunu, ancaq “radikal sol media”nın bu məsələni gündəmə gətirmədiyini deyən Tramp Cənubi Afrikanın torpaqları müsadirə etdiyini bəyan edib.
İndex.az xəbər verir ki, Tramp həmçinin Cənubi Afrikada müəyyən qrup insanlarla “çox pis” rəftar edildiyinə diqqət çəkib və böyük insan haqları pozuntusunun olduğunu qeyd edib.
ABŞ-ın bu vəziyyətə dözməyəcəyini bildirən Tramp hərəkətə keçəcəklərini bildirib: “Tam araşdırmaya qədər mən Cənubi Afrikaya gələcək bütün maliyyələşdirməni dayandırıram”.
Cənubi Afrikada müstəmləkə dövründən bu yana ölkə əhalisinin 9 faizini təşkil edən ağ azlıq əkin sahələrinin 75 faizini tutur.
Ölkədə aparteid rejiminin sona çatmasından bəri həllini tapmayan torpaq məsələsinə gəlincə, Cənubi Afrika hökuməti ağdərililərə məxsus torpaqların bir hissəsini təzminatsız müsadirə edərək qaradərili vətəndaşlara paylamaq üzərində işləyirdi.
Prezident Cyril Ramaphosa yanvar ayında dövlətə bəzi torpaqları ələ keçirməyə imkan verən qanun layihəsini imzalayıb.