Bir dəfəyə 10-dan çox xurma yeyən kişinin mədəsində daş əmələ gəlib.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk vilayətində baş verib.
Qeyd olunur ki, rusiyalı çoxlu xurma yedikdən sonra beş gün davam edən qanlı ürəkbulanma və qusma da daxil olmaqla səhhətinin pis olmasından şikayət edərək həkimlərə müraciət edib.
Müayinə zamanı həkimlər mədədə kəskin xora və fitobezoar aşkar ediblər.
Cərrah Curay Rəhimovun sözlərinə görə, əgər insanda mədə hərəkətliliyində problem varsa, fitobezoarlar əmələ gələ bilər.
“Xəstənin anamnezində mədənin bir hissəsinin rezeksiyası olub. Yeməkləri yetərincə çeynəməmək vərdişi də predispozan faktordur. Müalicəsi çətin olan bezoar növlərindən biri də xurma meyvələrindən əmələ gələn diospirobezoarlardır” deyən həkim belə problemi olan insanların mədə daşı əmələ gəlməsi üçün gündə cəmi iki-beş xurma meyvəsi yeməsinin lazım olduğunu bildirib.
Üç gün ərzində təxminən yeddi-səkkiz santimetr ölçüsündə olan fitobezoarı çıxarılıb. Kişi daha sonra xəstəxanadan buraxılıb.