Əmək bazarında iş axtaranların ən çox narazılıq etdiyi məsələlərdən biri CV göndərdikdən sonra heç bir cavab almamalarıdır. Namizədlər bildirirlər ki, bu, onlar üçün həm vaxt itkisinə, həm də müraciətlərinin hansı səbəbdən uyğun görülmədiyini bilmədiklərinə görə qeyri-müəyyənliyə səbəb olur.
Digər tərəfdən, HR mütəxəssisləri beynəlxalq praktikaya əsaslanaraq, uyğun olmayan CV-lərə cavab verilməməsinin normal olduğunu bildirirlər və bu yanaşmanı doğru hesab edirlər.
Yəni göndərilən bütün CV-lərə geri dönüş olmalıdırmı?
Valyuta.az-a açıqlamasında “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirdi ki, işə qəbul prosesində namizədlərə geri dönüş etmək vacib məsələlərdən biridir:
“Normalda CV-lərə avtomatik geri dönüş edilir və yalnız müsahibəyə dəvət alan namizədlərə əlavə məlumat verilir. Ancaq müsahibəyə qatılan hər bir namizədə mütləq geri dönüş edilməlidir. Geri dönüş olmaması doğru yanaşma deyil və namizədlərin gözləntilərinə uyğun deyil”.
Digər vacib məsələnin isə CV-lərin çoxluğu ilə bağlı olduğunu deyən İ.Mirzəzadə qeyd edib ki, bu, HR mütəxəssisləri üçün çətinlik yaradır:
“Çünki yüzlərlə müraciət arasında hər bir namizədə fərdi şəkildə geri dönüş etmək mümkün olmur. Lakin bu problemin həlli üçün artıq “EPS” kimi işə qəbul sistemləri mövcuddur. Bu sistemlər sayəsində işə qəbul prosesi avtomatlaşdırılır və hətta CV göndərən namizədlərə belə, hansı səbəbdən seçilmədikləri barədə məlumat verilə bilər.
Ümumiyyətlə, tək-tək bütün namizədlərə fərdi şəkildə geri dönüş etmək və onlara qəbul edilməmə səbəbini izah etmək çox çətindir. Xüsusilə HR komandasında cəmi 1-2 nəfər olduqda və eyni anda çox sayda vakansiya açıq olduqda, bu, daha da çətinləşir. Bu səbəbdən işə qəbul prosesinin avtomatlaşdırılması və sistemli bir yanaşmanın tətbiq edilməsi daha effektiv ola bilər”.
“CV göndərdikdən sonra müsahibəyə dəvət almadıqda, çox da ümid bəsləmək doğru deyil. Kiçik şirkətlər, adətən, "ETS" sistemləri kimi vasitələrdən istifadə etmirlər. Bununla yanaşı, kiçik şirkətlərdə HR şöbəsi olmur, buna görə də, işə qəbul prosesi ilə birbaşa məşğul olan xüsusi bir şəxs çox zaman mövcud olmur”, - deyə mütəxəssis vurğulayıb.
Maya Hüseynova