AZ

Hikmət Hacıyev İran rəhbərliyinə Azərbaycan Prezidentinin mühüm mesajlarını çatdırıb...

Image

Ramil Hüseynov: “Bütün bunlar iki ölkə münasibətlərinin yaxşılaşacağından xəbər verir”

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Prezident köməkçisi səfər zamanı bir sıra görüşlər keçirib. Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Hikmət Hacıyevi qəbul edib. H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Hikmət Hacıyev daha əvvəl İran Prezidentinin müşaviri Mehdi Sənayi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Araqçı, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb.

Bütün bunların fonunda, sözügedən görüşlər İran-Azərbaycan münasibətlərində hansı səviyyəli dəyişikliyin əlaməti sayıla bilər? İki ölkə münasibətlərində nə gözlənilir? Belə yüksək səviyyəli səfərin və oradakı görüşlərin zəruriliyini nə ilə izah etmək olar?

“Tehran bir daha gördü ki, Bakı mehriban qonşuluq münasibətlərində, iki ölkənin iqtisadi maraqlarına uyğun...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bu, iki ölkə münasibətlərinin yaxşılaşmağa doğru getməsindən xəbər verir: “Məsələ ondadır ki, zaman-zaman İranda olan bəzi dairələr iki ölkə münasibətlərini pisləşdirmək üçün arzuolunmaz addımlar atıblar. Ölkəmizin daxili işinə müdaxilə ediblər, rəsmilərimizin ünvanına əsassız tənqidi fikirlər səsləndiriblər. Bu da haqlı olaraq Azərbaycanın narazılığına səbəb olub. Belə görünür ki, İran hakimiyyəti bütün bunların zərərli tendensiya olduğunun və onların maraqlarına zərər vurmasının fərqinə varmağa başlayıb. O baxımdan bütün bunlar iki ölkə münasibətlərinin yaxşılaşacağından xəbər verir. Hətta yaxın perspektivdə İran prezidentinin Azərbaycana səfər edəcəyini güman edirəm. Çünki Hikmət Hacıyevlə yüksək səviyyəli təmaslardan hiss olunur ki, İran tərəfi Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlı görünür. Digər bir tərəfdən Azərbaycanın vacib nəqliyyat-tranzit və logistika mərkəzinin olmasının fərqindədilər. Rusiya ilə İranı birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycandan keçir. Ən başlıcası isə əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində körpü tikintisi davam edir. Bu, Azərbaycanla yanaşı, İran üçün də mühüm tranzit əhəmiyyətə malikdir. Tehran bir daha gördü ki, Bakı mehriban qonşuluq münasibətlərində, iki ölkənin iqtisadi maraqlarına uyğun layihələrin reallaşmasında maraqlıdır. Azərbaycan həmişə olduğu kimi, bundan sonra da İrana qarşı plasdarım olmayacaq. Fikrimcə, İran bütün bunları doğru dayərləndirmək istəyindədir. Görünən budur”.

Vidadi ORDAHALLI





Seçilən
2
baki-xeber.com

1Mənbələr