AZ

Kevin Danso “Tottenhem”də

Fransanın “Lans” klubunun mərkəz müdafiəçisi Kevin Danso bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

London təmsilçisi 26 yaşlı avstriyalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Tottenhem” yayda onun transfer hüquqlarını almaq üçün 25 milyon avro ödəməli olacaq.

Kevin Danso “Ridinq”in yetirməsidir. “Milton Kins Dons”, “Auqsburq”, “Sauthempton”, “Fortuna Düsseldorf” klublarından da keçmiş müdafiəçi 2021-ci ildən “Lans”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 128 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Avstriyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Danso 2017-ci ilin sentyabrında əsas millidə debüt edib. O, Avstriya millisində 24 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Tottenhem” iki futbolçusunu da icarəyə verib. Belə ki, London təmsilçisi 18 yaşlı sağ vingeri Yan Min Hyoku KPR-ə, 19 yaşlı hücumçusu Uill Lankşiri isə “Vest Bromviç”ə icarəyə göndərib. Hər iki futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

Kevin Dansonu “Tottenhem”ə satmış “Lans” da heyətinə yeni futbolçu cəlb edib. Fransa klubu İsveç təmsilçisi “Hakken”dən Jeremi Aqbonifonu transfer edib. 19 yaşlı hücumçunu satınalma şərti ilə icarəyə götürmüş Liqa 1 təmsilçisi yayda onun transfer hüquqlarını da almalıdır.

Jeremi Aqbonifo “Hakken” və “Portu” klublarının yetirməsidir. O, “Hakken”in əsas komandasında 18 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Aqbonfio İsveçin U-21 yığmasının da formasını geyinir.

Seçilən
25
arena.az

1Mənbələr