3-5 gündən bir mətbuatda bu cür xəbərlərə rast gəlirik: borcu olan 137 nəfər saxlanıldı; borcu olan 50 nəfər saxlanıldı; borcu olan daha 30 nəfər saxlanıldı və sair. Bu adamlar əsasən banklara, kredit təşkilatlarına borcu, aliment borcu, vergi və digər borcları olan, bu borcları ödəyə bilməyən sadə, imkansız, sıravi vətəndaşlardır.
Yaxud, son zamanlar öz(!) meyvə-tərəvəzini xarici ölkələrə çıxarıb satan, lakin əldə etdiyi öz(!) pulunu ölkəyə qaytarmayan fermerlərin kütləvi həbsinə dair rəsmi məlumatlar yayılır. Qanunvericiliklə doğrudan da, həmin vəsaitlər rəsmiləşdirilməli və yalnız gömrük prosedurlarına uyğu şəkildə ölkədən çıxarılmalıdır. Fakt isə budur ki, bu pozuntunu bilərəkdən, yaxud bilmədən edən fermerlər kütləvi olaraq hətta bir neçə minlik meyvə-tərəvəzə görə istintaqa cəlb edilir, həbs olunur, cərimələnir və s. Demək istədiyimiz odur ki, maliyyə nizam-intizamına qəsdən, ya da bilmədən riayət etməyən, banka, alimentə, vergiyə borcunu ödəməkdə çətinlik çəkən vətəndaş “ayağını bir addım sağa-sola qoyan kimi” saxlanılır, həbs olunur, olanı-qalanı müsadirə edilir...
Amma eyni münasibət nədənsə bir çox hallarda dövlət büdcəsini milyonlarla, on milyonlarla, yüz milyonlarla məbləğdə talayan, korrupsiya, rüşvətlə məşğul olan və hətta bu cinayət əməlləri istintaq, məhkəmə tərəfindən sübut olunan, üstəlik bunu özləri də etiraf edən sabiq məmurlara, nazirlərə göstərilmir.
![](https://static.azpolitika.info/storage/news/e2f85d80cd73f4122facaefc03e3eab6/c242c7df-940b-4a64-b3ad-f9560ab33798.jpg)