AZ

COP29 keçirən ölkədə ekoloji problemlər və xəstəliklər…

Çirklənmənin səbəb olduğu xəstəliklər: ürək, astma, xərçəng…
 
Ötən il Azərbaycan BMT-nin COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi edib.

Meydan TV Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı atılan addımların vəziyyətini araşdırıb.

2024-cü ildə Azərbaycan hökuməti əlamətdar hadisələrdən biri kimi  ölkənin COP29 iqlim konfransına ev sahibliyi etməsini göstərib, amma yaşanan gerçəklik və rəqəmlər ölkədə ciddi problemlərin olduğundan xəbər verirdi.

COP29-un Azərbaycanda keçirilməsi isə beynəlxalq ictimaiyyətdə kəskin etirazlara səbəb olmuşdu.

Bu mübahisələrin əsas səbəblərindən biri Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin pisləşməsi və siyasi məhbusların sayının artması ilə əlaqədar idi. Hətta dünyanın aparıcı ölkələrinin əksər liderləri Bakıda keçirilən COP29 tədbirində iştirak etmədilər.

Bununla yanaşı, Azərbaycan hökumətinin iqlim siyasətində nə dərəcədə səmimi olması və iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında həyata keçirdiyi addımların nə dərəcədə səmərəli olması sual doğuran məqamlardan idi. Bura sahibsiz itlərin öldürülməsi və heyvanlara münasibət də xüsusi vurğulanırdı, hətta hakimiyyətin həyata keçirdiyi bu aktlar həm ölkədə, həm də xaricdə etiraz aksiyalarına səbəb olmuşdu.

Azərbaycan ətraf mühitin qorunmasıyla bağlı beynəlxalq indeksdə haradadır?

Yale Universiteti 2024-cü il üçün Azərbaycanın da arasında yer aldığı 180 ölkəni əhatə edən Ətraf Mühitin İcra İndeksini tərtib edib. İndeks ötən il oktyabrın 7-də dərc edilib.

Bu indeks 11 kateqoriya üzrə 58 indikatorun əsasında hesablanıb.

Həmin araşdırma üç əsas meyar üzrə aparılıb:

İqlim dəyişikliyi üzrə fəaliyyətin icrası;
Ətraf mühitin sağlamlığı;
Ekosistemin əlverişliliyinə dair vəziyyəti.

İndikatorlar ölkələrin ətraf mühit üzrə hədəflərinə nə dərəcədə nail olduqlarını ölçüləbilən surətdə qiymətləndirməyə imkan verir.

Nəzərdə tutulan indikatorlara hava çirkliliyi, kənd təsərrüfatı, su resursları, hava keyfiyyəti, sanitar-içməli su vəziyyəti, zibil tullantılarının idarə edilməsi, balıqçılıq, meşə idarəetməsi, ağır metallara və sair məsələrə dair idarəetmə tədbirləri daxildir.

Bu araşdırmada Azərbaycan ətraf mühit siyasətini icra keyfiyyətinə görə 180 ölkə arasında 121-ci yerdədir.

"Hər 12 azərbaycanlıdan biri ciddi tibbi problemlərlə – astma, erkən doğuş və xərçəng kimi xəstəliklərlə əlaqəli çirklənmələrə məruz qalır”

COP29 tədbirindən bir neçə gün öncə iqlim problemləri üzrə ixtisaslaşan beynəlxalq təşkilatlardan biri Azərbaycandakı iqlim problemlərinə dair "COP29-a ev sahibliyi edən Azərbaycanda təxminən 880,000 insan qaz yandırılmasından yaranan çirkliliyə çox yaxın məsafədə yaşayır” başlığı ilə araşdırma yayıb.

"Global Witness”in analizinə görə, Azərbaycanda 880,000 insan, yəni hər 12 nəfərdən biri, qaz istehsalı (flaring) sahələrinin 5 km radiusunda yaşayır və bu, ciddi sağlamlıq problemlərinə, o cümlədən astma, erkən doğuş və xərçəng kimi xəstəliklərə yol açır.

Azərbaycan COP29-a ev sahibi olaraq, fosil yanacaq istehsalını azaldıb iqtisadiyyatını tez bir zamanda bərpa oluna bilən enerjiyə yönəltməli idi. Lakin, əksinə, qaz istehsalını artırıb və milli iqlim hədəflərini zəiflədib.

Təşkilat BP-dən mövqe alıb…

BP-yə verilən sualda Səngəçal terminalının ətrafında "flaring”in sağlamlıq üzərindəki təsirləri və hava keyfiyyəti ilə bağlı narahatlıqlar sorğulanıb.

BP cavabında son 10 ildə "flaring” miqdarının 60% azaldığını, 2030-cu ilə qədər müntəzəm "flaring”i sıfıra endirməyi hədəflədiyini və terminal ətrafında hava keyfiyyətini üç aydan bir monitorinq etdiklərini bildirib.

Şirkətin monitorinqinin nəticələrində hər hansı bir normanın pozulmadığı vurğulayıb. Lakin təşkilat BP-nin cavabından razı deyil. Bildirir ki, bu, əvvəllər də onların eyni məzmunlu sualına verilən ənənəvi cavabdır və  araşdırılma metoduna əsasən, səhih deyil.

Həmin araşdırmada "Global Witness” Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına istinad edərək qeyd edib ki, ürək xəstəliyi və insult Azərbaycanda ölümün başlıca səbəbləridir.

2023-cü ildə DST, Azərbaycanda ürək xəstəliyi və insult nəticəsində ölümün hər 5 nəfərdən 1-də hava çirklənməsi ilə əlaqəli olduğunu bildirib.

Azərbaycan ekosistemində "Ərəb baharı…”

Son illərdə Azərbaycana axın edən ərəb turistlərin ölkədəki Acınohur yasaqlığında qorunması nəzərdə tutulan heyvanları ovladıqlarına dair foto və video materiallar yayılmışdı.

Bu barədə BBC-yə müsahibə verən ekofəal Cavid Qara bildirmişdi ki, rəsmi qərarla ov mövsümü bitdikdən sonra xarici turistlərin həmin ərazidə çadır qurub dronlarla şahinlərə təlim keçdiklərini görüb.

Yalnızca həmin ovlara dair sübutlar sosial şəbəkədə paylaşıldıqdan və gündəmə səbəb olduqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi iki turisti 4000 manat cərimələmişdi.

Nazirlik dövlətin qorumağa məsul olduğu qoruq və yasaqlığa turistlərin necə daxil olmasına, mövsüm bitdikdən sonra heyvan və quşları necə ovladıqlarına dair yetərli və tutarlı açıqlama verməmişdi.

Bu məsələ fonunda heç bir məsul şəxs barəsində ictimaiyyətə bəlli olan araşdırılma aparılmayıb, tədbir görülməyib.

Bu da ekosistemin qorunmasıyla bağlı nəzərdə tutulan qanunvericiliyə əməl edilmədiyini göstərir.

Kəndlilərin meşələrlə bağlı etirazları…

Şəkinin bəzi kəndlərinin və Qaxın Qaşqaçay kəndinin sakinləri BBC-yə verdikləri açıqlamada mal-heyvanlarını otarmaq üçün nəzərdə tutulmuş 147 hektar örüş ərazisinin şirkət tərəfindən tutulduğunu, onların meyvə yığb sataraq dolanışıqlarını təmin etdikləri meşələrin qırılaraq onlara aid olmayan başqa məqsədlər üçün istifadə etdiklərini deyiblər.

Sakinlər bu prosesin dolanışıqlarına da təsir etdiyini bildiriblər və qeyd ediblər ki, ərazilərin zəbt edilməsi heyvanlarına təbii ot tapmalarına ciddi maneə yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "BBC News Azərbaycanca”ya bildirilib ki, Meşə Fondundan 1000 hektar ərazi Monte Ferroya icarəyə verilib, digər əraziləri isə şirkət bələdiyyə və  şəxsi təsərrüfatlardan alıb.

Ekofəal Cavid Qara isə "BBC News Azərbaycanca”ya deyib ki, Meşə Məcəlləsinə görə, "Meşə Fondunun bitki örtüyü olmayan ərazisi burada yaşayan insanların da mənafeyi nəzərə alınmaqla meşələrin bərpası məqsədiylə təyinatı üzrə icarəyə verilə bilər”.

2017-ci ildə Meşə Məcəlləsinə edilmiş dəyişikliklə meşələrin icarəsi 10 ildən 49 ilə qədər artırılıb.

Cavid Qara hesab edir ki, məhz bu dəyişiklik meşələrin kürünməsini sürətləndirib.

"Global Forest Watch” (Beynəlxalq Meşə Keşikçisi) təşkilatının məlumatlarına əsasən, 2001-ci ildən 2023-cü ilə qədər Azərbaycanın ağac örtüyünün 8,16 hektarı itirilib.

Bu isə ölkə ağac örtüyünün 0,64 % azalması mənasına gəlir.

Qeyd edilən dövrdə ağac örtüyünün bu səviyyədə azalması Azərbaycanda meşəsizləşmə tendensiyasının göstəricisidir.

Ağac örtüyü itkisində öncül bölgə Lənkərandır.

Statistikaya görə, ən çox itkisi olan digər regionlar Gəncə-Qazax və Şəki-Zaqatala bölgələridir.

Meşəsizləşmə trendinin yüksək olaraq qalması Azərbaycanda meşələrin qorunmasına dair qanunvericiliyə riayət olunmadığının göstəricisidir.

Ölkə qanunvericiliyi digər ekoloji təminatlarla yanaşı, meşə örtüyünün mühafizəsini nəzərdə tutsa da, praktikada mühafizə tədbirlərinə riayət edilmir.

Yerli ekoloji qurumların tez-tez rüşvət qarşılığında meşə örtüyünün qırılmasına göz yummasına dair çoxlu insidentlər mövcuddur.

Seçilən
1
arqument.az

1Mənbələr