Astara rayonunda 1996-cı il təvəllüdlü Elcan yetkinlik yaşına çatmayan Ceyranla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Elcan dayısı qızı Ceyranı razılığı ilə 29 yanvar 2024-cü ildə evlənmək məqsədi ilə öz yaşadığı evinə aparıb.
Ertəsi gün cinsi əlaqədə olub və ər-arvad kimi yaşayıblar.
İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ceyran dayısı qızıdır, onu evinə apararkən 15 yaşı olduğunu bilib: “Dayımgillə eyni kənddə yaşayırıq. Ancaq evlərimiz bir-birinə o qədər də yaxın deyil. Dayımgilin ailəsi ilə münasibətimiz həmişə yaxşı olduğundan tez-tez onların evinə getmişəm.
Ceyranla təxminən 1 ildən artıq bir-birimizə qarşı sevgi münasibəti bəsləmişik. Əvvəlki müddətdə Ceyranı yalnız dayım qızı kimi görmüşəm, sevgi hisslərimiz olmayıb”.
“Başqa adamla evləndirəcəyini bildirirdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ceyranla 2024-cü ilin yanvar ayının son günlərinədək mobil telefonla daim əlaqə saxlayıb: “Mən həm də balıqçılıq fəaliyyəti ilə məşğul olduğumdan dənizdən tutduğum balıqlardan arabir dayımgilə pay aparırmışam.
Eyni zamanda dayım oğlu Rasim həbsxanada cəza çəkdiyindən, dayım Eldəniz təkbaşına işlədiyindən ona kömək məqsədilə də onlara gedəndə Ceyranı görürdüm. Mənim Ceyranla münasibətlərim başlayan vaxtdan hər ikimizin ailə üzvlərimizin xəbəri olub.
Dayım anam Vahidəyə Ceyranın 18 yaşı tamam olan kimi evlənməyimizə razılıq verəcəyini demişdi. Ancaq anası Ceyranla evlənməyimizə qarşıydı. Hər dəfə Ceyranı başqa adamla evləndirəcəyini bildirirdi”.
“Yasda razılaşdıq, atam da xeyir-dua verdi”
Elcan qeyd edib ki, 2024-cü ilin yanvar ayında Ceyranın ana babası rəhmətə gedib: “Yas mərasimində Ceyranı gördüm. 29 yanvar 2024-cü ildə cümə axşamı mərasimində Ceyran məndən onu qaçırmağımı istədi. Mən bu fikrə tərəddüdlə yanaşdım, atamgillə məsləhətləşdikdən sonra xəbər verəcəyimi bildirdim. Mərasim yerindən çıxdım, yaşadığım evə gəldim. Atam sərxoş vəziyyətdəydi. Ona qız istədiyimi, lazım gəlsə onu qaçıracağımı bildirdim. Ancaq qızın kimliyini, yaşını demədim. Atam mənə xeyir-dua verdi, nə məsləhət bilirəmsə onu da etməyimi dedi.
Dərhal evdən çıxıb Ceyranla əlaqə saxladım, bir azdan gələcəyimi dedim, məni gözləməyi tapşırdım. Ceyran evdə məni gözlədiyini söylədi. Mən yoldan keçən tanımadığım taksini saxladım, həmin taksiyə əyləşdim və Ceyrangilin evinin yanına çatanda onunla əlaqə saxlayaraq maşında gözlədiyimi bildirdim.
Ceyran paltar və əşyalarını çamadana yığaraq gəlib taksiyə əyləşdi və eyni kənddəki yaşadığımız evə getdik. Biz çatanda evdə yalnız atam vardı. O bizi gördükdə Ceyranın hələ azyaşlı olduğunu, bunu bilə-bilə niyə qaçırdığımı soruşdu. Atama bir-birimizi sevdiyimizi, evlənmək istədiyimizi bildirdim. Həm də Ceyranı qaçırmadığımı, özü mənimlə evlənmək üçün gəldiyini söylədim”.
“Ceyran daha geri qayıtmaq istəmədi”
Elcanın ifadəsinə görə, atası məsələni anasına bildirib: “Bakı şəhərində olan anam mənimlə mobil telefonla əlaqə saxladı. Ceyranı evlərinə aparmağımı, Astaraya gələn kimi el adəti ilə evləndirəcəyini bildirdi. Ceyran isə məndən evlərinə aparmamağımı xahiş etdi. Ona narahat olmamasını, onu heç yerə aparmayacağımı dedim.
Ceyranla həmin gecə eyni otaqda qaldıq. Ancaq aramızda cinsi əlaqə olmadı. Ertəsi gün, dayım bizə gəldi, qızını evlərinə aparmaq istədi. Ceyran isə atasına evə qayıtmayacağını, mənimlə qalmaq istədiyini dedi. Həmin vaxt evdə olmadığıma görə axşam evə qayıtdıqda dayımın bizə gəlməyini öyrəndim.
Mən evə gələndə atam məni əsəbi halda sərt tənbeh etməyə başladı. Etdiyim hərəkətin yanlış olduğunu və qızı geri aparmağımı istədi. Daha sonra anam da evə gəldi, mübahisəni o, davam etdirdi. Sonda aramızda mehribançılıq yarandı, evdə ailəvi şəkildə söhbətləşdikdən sonra gec olduğundan Ceyranla yatmaq üçün qaldığımız otağa keçdik. Biz otaqda ilk dəfə təbii yolla cinsi əlaqədə olduq, onun qızlıq pərdəsini pozdum.
Ertəsi gün Ceyranla cinsi əlaqədə olduğumuzu anama dedim. Anam əsəbiləşdi, mənə Ceyranı geri apararaq evə qoymalı olduğumuzu, daha sonra el adəti ilə elçi gedəcəyimizi dedi. Bu fikirlə razılaşsam da, Ceyran getmək istəmədiyindən onu apara bilmədim”.