AZ

Bu müsəlman ölkələri parçalana bilər: Biri Azərbaycanın yaxınlığında yerləşir...

Sudan 2011-ci ildə Cənub Sudanın müstəqillik qazanmasından sonra ərazi bütövlüyünü itirdi və Darfur kimi bölgələrdəki silahlı qarşıdurmalar, ölkənin daha da parçalanma riskini artırır. Son illərdəki siyasi qeyri-sabitlik və xalq inqilabları da bu prosesin daha da dərinləşməsinə səbəb olub.

İraq son 20 ildə yaşadığı müharibələr, terrorizm və etnik qarşıdurmalarla ölkə daxilində parçalanma riski ilə üzləşib. Xüsusilə Kürdistan bölgəsinin müstəqillik tələbləri, Sünni və Şiə müsəlmanları arasında gərginliklər, İraqın ərazi bütövlüyünü təhdid edir. 2003-cü ildən sonra İraqın siyasi və dini müxtəlifliyi, münaqişələrin dərinləşməsinə səbəb olmuşdur.

Bəs bu ölkələrin parçalanma riski nə dərəcədə yüksəkdir? 

Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ajans.az-a verdiyi açıqlamada bildirib ki, istənilən ölkədə qeyri-sabitlik və vətəndaş müharibəsi olduğu zaman həmin ölkənin dağılma ehtimalı yüksək səviyyədə olur:  

"Xüsusilə İraq, Sudan və Efiopiyanın dağılma təhlükəsi daha yüksəkdir. İraqda ABŞ-nin hərbi müdaxiləsindən sonra Səddam Hüseynin devrilməsi ölkədə xaosun yaranmasına səbəb olub və bu xaos illər boyu davam edib. Bu günə qədər İraq hökuməti ərazilərinə tam nəzarət edə bilmir. Şimalda Kürdlərin, cənubda isə digər qruplaşmaların mövcudluğu, ölkədəki parçalanmanın ciddi bir əlamətidir".

Politoloq qeyd edir ki, eyni vəziyyət Suriyada da yaşanıb:

"2011-ci ildən etibarən başlayan vətəndaş müharibəsi Əsəd rejiminin yıxılmasına gətirib çıxarıb, və bunun nəticəsində yeni dövlət qurulub. Amerika qüvvələri və İsrail qoşunlarının münaqişəyə müdaxiləsi, terrorçu qruplaşmaların yaranması, Suriyada dağılma və təfriqə səbəb olan digər faktorlardır. Bu, göstərir ki, vətəndaş müharibəsi və xarici müdaxilələr ölkələrin dağılma riskini daha da artırır".

Şahinoğlu həmçinin Afrikanın şimal ölkələrini də nümunə gətirərək Sudan, Somali və Efiopiyanın iqtisadi zəiflik, qarşıdurmalar və tez-tez baş verən toqquşmalarla qarşı-qarşıya olduğunu qeyd edib: 

"Bu ölkələrdəki daxili qeyri-sabitlik, onların gələcəyini təhlükə altına qoyur və parçalanma ehtimalını yüksəldir. Bu ölkələrdə iqtisadi zəiflik, inflyasiya, kasıblıq və müharibə şəraitinin, həmin ölkələrin sosial və siyasi strukturlarını zəiflətdiyini və parçalanma riskini artırdığını bildirib. Lakin, Misirin vəziyyəti fərqlidir, son prezident seçkilərindən sonra həmin ölkədə nisbi bir sabitliyin təmin edilib və bu səbəbdən Misirin parçalanma ehtimalı gündəmdən düşüb".

Elxan Şahinoğluna görə, Sudan, İraq və Efiopiya kimi ölkələrdəki iqtisadi çətinliklər, sosial qarşıdurmalar və vətəndaş müharibələri, bu ölkələrin siyasi bütövlüyünü təhdid edir və onların dağılma ehtimalını gündəmə gətirir. Bu səbəbdən, parçalanma proqnozlarının doğru olduğunu düşünmək olar.

Seçilən
7
Ajans.az

1Mənbələr