“USAİD-in necə bir təşkilat olmasını bizlər uzun illərdir ki, bilirik və bu təşkilatın cinayətkar fəaliyyəti haqqında da dövlət olaraq hər zaman mövqe ortaya qoymuşuq. Ona görə də indi ABŞ-də Hökumətin Effektivliyi Departamentinin rəhbəri qismində çıxış edən İlon Maskın bəyanatında təəccüblü bir şey yoxdur”.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, USAİD uzun illərdir ki, ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına dünyanın müxtəlif yerlərində cinayətkar fəaliyyəti maliyyələşdirməklə məşğuldur.
“Hər il Ermənistana 120 milyon dollardan çox maliyyə vəsaiti ayıran, keçən ildən etibarən isə bu vəsaiti 250 milyon dollara qaldıran bir təşkilat olaraq USAİD erməni separatizminin dəstəklənməsində də xüsusi cənfəşanlığı ilə seçilib.
Təşkilata rəhbərlik edən Samanta Pauerin Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əlaqələrdə olması, Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla əməkdaşlıq etməsi, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatından 1 milyon dollar dəyərində mükafat alması bir faktdır və bu fakt heç kim tərəfindən təkzib olunmayıb. İndi də öz anti-Azərbaycan və anti-türk mövqeyi ilə tanınan, Qarabağın erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” kimi qələmə verməyə çalışan, Azərbaycanla Türkiyəni “vəhşi” adlandıran, qondarma soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən bir şəxsin rəhbərlik etdiyi qurumla bağlı İlon Maskın verdiyi bəyanat tamamilə yerində olan bəyanatdır”.
R.Bayramov deyir ki, Maskın USAİD tərəfindən COVID19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməsi ilə bağlı faktları ortaya qoyması, eləcə də Trampın USAID-in beynəlxalq yardım proqramlarını 90 gün müddətinə donduran sərəncam imzalaması onu göstərir ki, Azərbaycan indiyə qədər bu təşkilatla bağlı mövqeyində haqlı olub və nəhayət ki, ABŞ adminstrasiyasının da bu həqiqətləri görməsi təqdirəlayiqdir.