Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi nəticəsində İran hakimiyyətinin Qərblə münasibətlərdəson illərdə yürütdüyü siyasətdən geri çəkilməsi gözlənildiyindən də tez baş verdi: Trampın prezident səlahiyyətlərinin icrasına başlamasından cəmi bir həftə sonra İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ölkə rəsmilərinin ABŞ-ın yeni administrasiyası ilə danışıqlar aparmasına yaşıl işıq yandırdı. Bu barədə Azad İran teleqram kanalı şərh verib. Şərhdə deyilir ki:
Yanvarın 28-də Məbəs günü münasibətilə İran rəsmiləri, müsəlman ölkələrinin Tehrandakı səfirləri və ictimaiyyət nümayəndələri qarşısında çıxış edən Xameneyi ənənəvi ritorikasına uyğun şəkildə Qərbin müstəmləkəçilik siyasətindən söz açaraq həmin siyasətin öncülü saydığı ABŞ əleyhinə kəskin ifadələr işlətsə də, İran hökumətinin Qərblə müzakirələrinə etiraz etməyib, sadəcə ehtiyatı əldən verməməyi tövsiyə edib. “Gözümüzü açmalı və diqqətli olmalıyıq ki, kiminlə üzbəüz gəlmişik, kiminlə sövdələşirik, kiminlə danışırıq. İnsan qarşı tərəfi tanıyanda, onunla sövdələşə də bilər” – deyə, Xameneyi bildirib. Nüfuzlu “Həmşəhri” qəzetinin ertəsi gün İran rəhbərinin çıxışı barədə dərc etdiyi manşet yazısındakı şəkil də Xameneyinin sözlərinin məhz ABŞ-la danışıqlara xeyir-dua anlamına gəldiyini göstərməkdədir. Özü də söhbət Tramp administrasiyası ilə birbaşa danışıqlardan gedir, halbuki Xameneyi əvvəllər daim belə danışıqların əleyhinə olub. Amma İranın düşdüyü vəziyyət rejimə başqa seçim qoymayıb, üstəlik Tehran yaxşı anlayır ki, Trampın daha geniş formatda uzun-uzadı müzakirələrə hövsələsi çatmaya bilər.
visiontv.az