AZ

Məktəblərdə telefon qadağası valideynləri narahat edə bilər

Xəbər verdiyimiz kimi, Latviyada 31 may 2025-ci il tarixindən etibarən "Təhsil haqqında" qanunda məktəbəqədər və 1-6-cı sinif şagirdlərinin təhsil müəssisəsində mobil telefonlardan istifadə etməsinin qadağan edilməsini nəzərdə tutulan normalar qüvvəyə minəcək. Həmçinin şagirdlərin şəxsi əşyaları da yoxlanılacaq.

 

Maraqlıdır, Latviyada tətbiq edilən (şagirdlərin şəxsi əşyalarının) yoxlama bizim məktəblərimizdə də tətbiq oluna bilər? Bu məsələ qanunda öz əksini tapmalıdırmı?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən sosioloq Lalə Mehralının sözlərinə görə, vaxt problemi olduğuna görə yoxlama prosesi hazırda real görünmür:

 

“Əslində, bizdə də qanuna görə şagirdlərin məktəbə telefon aparması qadağandır. Amma şagirdlər kəsici-deşici alətləri rahatlıqla məktəbə keçirə bildikləri üçün yoxlama təbii ki, yaxşı olardı. Lakin o yoxlama prosesinin nə qədər real olacağı məsələsi bax bu biraz şübhə altındadır.

 

Məktəblərdə bu məsələyə xüsusi vaxt ayırmaq lazımdır. Bizim ümumi təhsil müəssisələrində dərs saatı 08:00-da başlayır, buna görə də yoxlama prosesinə ən azı saat 07:00-də başlanılmalıdır ki, bütün şagirdlər yoxlanıla bilsin. Lakin, vaxt məhdudiyyətləri səbəbindən bu cür yoxlamaların reallaşması çətin görünür. Nəticədə, məsuliyyət əsasən valideynlər və şagirdlərə düşür".

 

Həmsöhbətimiz şagirdlərə kəsici-deşici alətlərin onlara yarada biləcəyi təhlükə, həmçinin telefonun ümumi dərs prosesinə mane olması kimi vəziyyətləri izah etməyin lazım olduğunu vurğulayıb:

 

"Bu məsələnin həlli maarifləndirmə yolu ilə aparılmalıdır. Lakin, zənnimcə, bir çox valideyn bu məsələyə razı olmayacaq, çünki hazırda valideynlərin bir çoxu işdə olduqları üçün övladları ilə telefon vasitəsilə əlaqə saxlayırlar. Bundan əlavə, şagirdlər dərsdən sonra repetitor yanına getdikdə valideyn daim telefonla xəbərləşməyə məcbur olurlar.

 

Bəzi hallarda isə müəllimlər şagirdlərə dərs materiallarını telefon vasitəsilə göndərir. Əvvəllər testlər və tapşırıqlar kağız üzərində çap edilərək şagirdlərə paylanılırdı. İndi isə müəllim ümumi bir qrup yaradaraq pdf sənədi oraya göndərir və şagirdlərdən deyir ki, “hər kəs öz telefonunda çap edib işləsin”. Bu, əslində dövrün təhsil sisteminin bir problemidir. Eyni zamanda, valideynlər övladlarının hər gün çantasını və geyimini nəzarətdə saxlamalıdırlar. Şagirdlər də anlamalıdırlar ki, kəsici-deşici alətlər yalnız onlara deyil, həm də başqalarına təhlükə yaradır.

 

Buna görə də yoxlama mexanizmi şüurlu şəkildə həyata keçirilməlidir. Bir qanun tətbiq etməzdən əvvəl, onun cəmiyyətdəki təsirlərini ölçmək və doğru yanaşmanı tapmaq vacibdir. İnsanların maarifləndirilməyə böyük ehtiyacı var".

Seçilən
15
azedu.az

1Mənbələr