AZ

KAAN layihə çərçivəsində 6 təyyarə istehsal ediləcək - Haluk Görgün

Bakı, TurkicWorld

Türkiyənin Müdafiə Sənayesi Başçısı Haluk Görgün milli döyüş təyyarəsi KAAN-ın inkişaf prosesinin planlaşdırıldığından daha sürətlə irəlilədiyini, bəzi mərhələlərin əvvəlcədən tamamlandığını və ilkin istehsal mərhələsində 6 təyyarənin hazırlanacağını bildirib.

TurkicWorld xəbər verir ki, o, Türkiyə Hərbi Hava Qüvvələrinə KAAN-ın ən yüksək keyfiyyətdə və mümkün olan ən qısa müddətdə təhvil veriləcəyini vurğulayıb.

2025-ci ilə çox sürətli başladıqlarını ifadə edən Görgün, yanvar ayında artıq 1 milyard dollardan çox dəyərində yeni müqavilələrin imzalandığını, ilin qalan hissəsində isə bu tempin davam edəcəyini gözlədiklərini bildirib.

ABŞ və NATO Türkiyə müdafiə sənayesində əsas müştərilər sırasındadır. Görgün qeyd edib ki, keçən il ən çox müqavilə ABŞ və NATO ölkələri ilə bağlanıb, ümumi tədarük həcmi 3,7 milyard dollar təşkil edib.

KAAN-ın istehsal prosesinə toxunan Görgün ilk mərhələdə 6 təyyarənin hazırlanacağını, bunların hər birinin fərqli funksiyalar və sınaq məqsədləri üçün istifadə ediləcəyini açıqlayıb. O, ilk KAAN uçuşunun 2025-ci ildə həyata keçiriləcəyini, ikinci və üçüncü təyyarələrin isə sonrakı dövrlərdə istehsal olunaraq təqdim ediləcəyini bildirib.

Görgün Türkiyənin müdafiə sənayesinin dünya üzrə nüfuzunun artdığını, artıq 87 ölkə ilə müdafiə sahəsində əməkdaşlıq müqavilələri imzalandığını və bu sahədə qlobal oyunçular arasında mühüm yer tutduqlarını qeyd edib.

"Biz müdafiə sənayesində təkcə mövcud bazarlarda payımızı artırmaqla kifayətlənmirik, həm də sektorda yeni doktrinalar müəyyən edən texnologiyalar üzərində çalışırıq. Bu da bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin və şirkətlərin sayını artırır", – deyə Görgün bildirib.

Seçilən
2
turkic.world

1Mənbələr