AZ

Ekspert: Tramp vəd etdiyi böyük yüksəlişin əvəzinə ABŞ-nin çöküşünü gətirə bilər...

Trampın başlatdığı ticarət müharibələri sadə amerikalıların həyatına necə təsir edəcək?..

İqtisadçı-ekspert: “Trampın əsas istəyi danışıqlar üçün mövqeyini gücləndirməkdir”.

ABŞ Çindən gələn məhsulları yaxın zamanda haradansa əvəz edə bilməz. Hətta, bu 2-3 ilə də mümkün deyil”.

Bu sözləri İqtisadçı-ekspert Natiq Cəfərli ABŞ prezidentinin tariflərə bağlı qərarını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq. Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar.

“Bloomberg” Agentliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq.

Bəs bu bu ticarət müharibələri sadə amerikalıların həyat səviyyəsinə necə təsir edəcək?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Trampın məqsədi tarif müharibələri ilə danışıqlarda üstünlük qazanaraq müəyyən güzəştlər qoparmaqdır”.

Bunun daim belə olacağını düşünməyən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bir müddətdən sonra ABŞ danışıqlar vasitəsilə öz istəklərini alandan və yaxud da maraqları təmin edildikdən sonra tariflərə yenidən baxıla bilər:

“Əvvəl onu deyim ki, ticarət müharibələrinin qurbanları adi alıcılar, daha çox vətəndaşlar olur. Çünki tariflər yüksəldikcə daxili bazarda da qiymətlər artır. Məsələn, ABŞ Çindən gələn məhsulları yaxın zamanda haradansa əvəz edə bilməz. Hətta, bu 2-3 ilə də mümkün deyil. O cümlədən, ABŞ-nin Meksikadan, Kanadadan gələn məhsulları yerli istehsal ilə əvəz etməsi illər alar bilər. Buna görə də, bu inflyasiyaya ciddi təsir göstərir.

Amma düşünürəm ki, Trampın əsas istəyi danışıqlar mövqeyini gücləndirməkdir. Yəni tarif müharibələri ilə danışıqlarda üstünlük qazanaraq müəyyən güzəştlər qoparmaqdır. Bunun daim belə olacağını düşünmürəm. Bir müddətdən sonra ABŞ danışıqlar vasitəsilə öz istəklərini alandan və yaxud da maraqları təmin edildikdən sonra tariflərə yenidən baxıla bilər.

Natiq Cəfərli: “Hazırda Trampın atdığı addımlar bumeranqa çevrilib onun özünə zərər verə bilər. Tramp amerikalılara vəd etdiyi böyük yüksəlişin əvəzinə, çöküşü gətirə bilər”.

Bir daha qeyd edim ki, tarif müharibələri istehlakçılara zərbə vurur. Yəni ABŞ vətəndaşları dünənə qədır ucuz olan malları daha baha qiymətə alacaqlar. İnfilyasiya yüksələcək. Bu da Trampın reytinqinə mənfi təsir göstərə bilər. Çünki sonucda amerikalılar ziyan görəcək.

Tramp bu gün çox populyardır, amma bu şəkildə davam edərsə, onun populyarlığı aşağı düşə bilər. Yəni hazırda Trampın atdığı addımlar bumeranqa çevrilib onun özünə zərər verə bilər. Tramp amerikalılara vəd etdiyi böyük yüksəlişin əvəzinə ABŞ-nin çöküşünü gətirə bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr