AZ

Aİ ABŞ-la ticarət müharibəsinə hazırlaşır, Kanada isə hədələyir

Avropa İttifaqı Avropa mallarına rüsumların tətbiqi fonunda ABŞ-la mümkün ticarət müharibəsinə hazırlaşır. 

Valyuta.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Biz diqqətlə qulaq asdıq və öz tərəfimizdən hazırlaşırıq. Ancaq aydındır ki, ticarət müharibəsində qaliblər yoxdur. Aİ və ABŞ ticarət müharibəsinə başlasalar, güləcək yeganə ölkə Çin olacaq", deyə Kallas bildirib.

Kanadanın Liberal Partiyasının liderliyinə namizəd Kristia Friland isə CNN-ə deyib ki, ABŞ Ottavanın prezident Donald Trampın tariflərinə cavabından heyrətlənəcək: "Amerikalılar Kanadanın cavabından heyrətlənəcəklər".

Friland kanadalıların ölkələri uğrunda mübarizə aparacaqlarını və uğur qazanacaqlarını vurğulayıb. O, əlavə edib ki, xalq qəzəbli və qərarlıdır. Siyasətçi həmçinin ABŞ prezidentinin qərarını iqtisadi müharibə aktı adlandırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiqi haqqında fərman imzalayıb. Qərar ABŞ-ın üç ən böyük ticarət tərəfdaşından idxala əhəmiyyətli yeni vergi deməkdir. Amerika liderinin sözlərinə görə, bu yolla o, qeyri-qanuni mühacirlərin və narkotiklərin ciddi təhlükəsi ilə mübarizə aparmaq istəyir. Tramp həmçinin ABŞ-ın Avropa mallarına əhəmiyyətli tariflər tətbiq edə biləcəyini bildirib.

Fevralın 3-də Kanada hökuməti fevralın 4-dən etibarən ərzaq, spirt və hərbi texnika da daxil olmaqla bir sıra ABŞ mallarına 25% artırılmış rüsumlar tətbiq edəcəyini açıqlayıb. Meksika prezidenti Klaudia Şeynbaum ölkəsinin ABŞ-ın tariflərinə cavab olaraq tarif və qeyri-tarif tədbirlərindən istifadə edəcəyini bildirib.

"Reuters" isə xəbər verib ki, Tramp Kanadanın baş naziri Castin Trüdo və Meksika prezidenti Klaudiya Şeynbaumla ABŞ-ın ölkələrindən gələn mallara tətbiq etdiyi rüsumları müzakirə etməyi planlaşdırır. Amerika liderinin sözlərinə görə, Kanada və Meksikanın ABŞ-a "çox pul" borcu var.

Paşa Məmmədli

Seçilən
30
valyuta.az

1Mənbələr