Bakı, TurkicWorld
Türkiyənin Müdafiə Sənayesi Başçısı Haluk Görgün, ölkənin keçən il müdafiə sənayesi sahəsində ən çox ABŞ və NATO ilə müqavilələr imzaladığını bildirib.
TurkicWorld xəbər verir ki, o, Türkiyənin 3,7 milyard dollarlıq tədarük həcmi ilə ABŞ və NATO-ya ən çox məhsul çatdırdığını qeyd edib.
Müdafiə sənayesində qlobal əməkdaşlıqların önəmini vurğulayan Görgün, fərqli bölgələrlə inkişaf edən işgüzar əlaqələrin və əməkdaşlıqların mövcud olduğunu bildirib. O, "Hər bölgəyə əhəmiyyət veririk və fərqli alternativ həll paketlərimiz var" ifadəsini işlədərək, Türkiyənin müdafiə sənayesində geniş məhsul çeşidi ilə müxtəlif ölkələrə fərqli məhsullar təqdim edə bildiyini deyib.
Görgün əlavə edib ki, Türkiyənin müdafiə sənayesi ixracatında hər il artım müşahidə olunur və hazırda dünyanın 11-ci ən böyük müdafiə sənayesi ixracatçısıdır.
Bundan əlavə, Görgün Türkiyənin 87 ölkə ilə müdafiə sənayesi əməkdaşlıq müqaviləsi imzaladığını və bu sektorda texnoloji cəhətdən özünü sübut etdiyini vurğulayıb.