AZ

Çuba Akpom “Lill”də

Niderland nəhəngi “Ayaks”ın mərkəz hücumçusu Çuba Akpom bundan sonra Fransanın “Lill” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Lill” 29 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Əslən Nigeriyadan olsa da, İngiltərədə dünyaya göz açmış Çuba Akpom London “Arsenal”ının yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Brentford”, “Koventri Siti”, “Nottingem Forest”, “Hall Siti”, “Brayton”, “Sent Trüden”, PAOK, “Midlsbro” kimi klubların da şərəfini qoruyub. “Ayaks” Akpomu 2023-cü ilin avqust ayında 12,3 milyon avro müqabilində “Midlsbro”dan transfer etmişdi. O, bu Amsterdam klubunun heyətində 68 oyuna çıxıb, 23 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Çuba İngiltərənin U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Lill” iki futbolçusu ilə də yollarını ayırıb. Əlcəzairli sağ cinah müdafiəçisi Akim Zedadka Liqa 1 təmsilçisindən azad agent kimi ayrılaraq “Pyast”a keçib. 29 yaşlı futbolçu Polşa klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Fransada dünyaya göz açmış Akim Zedadka “İstr”, “Lans”, “Klermon”, “Oser”, “Saraqosa” kimi klublarda da çıxış edib. “Lill”də cəmi 12 oyuna çıxmış futbolçu 1 qola imza atıb. Zedadka Əlcəzair yığmasında da 1 oyun keçirib.

“Lill” portuqaliyalı mərkəz müdafiəçisi Rafael Fernandesi də “Reyncers”ə icarəyə verib. 22 yaşlı futbolçu bu mövsümün sonunadək Şotlandiya klubunda çıxış edəcək.

“Sportinq”in yetirməsi olan Rafael Fernandes “Aruka”da da forma geyinib. “Lill” müdafiəçini 2024-cü ilin yanvarında 2,5 milyon avroya transfer edib. Amma o, Fransa klubunun əsas komandasında debüt şansı qazanmayıb. Müdafiəçi Portuqaliyanın U-18 və U-20 yığmalarında da oynayıb.

Seçilən
12
arena.az

1Mənbələr