AZ

Azərbaycan millisinin üzvü: "Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev Yunanıstanla oyun haqqında danışıb.

Futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev Avropa çempionatının əsas mərhələsində Yunanıstan yığması ilə sabah keçiriləcək oyun barədə fikirlərini bildirib.

"Operativ Media" xəbər verir ki, futzalçı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında son durum barədə məlumat verib:

“Dünəndən məşqlərimizi Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa yorğunluq var idi. Çalışdıq bərpa prosesini yaxşı keçək”.

Əliyev rəqib barədə müsbət fikirlər səsləndirib: “Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. İki gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

O, bir neçə gün əvvəl səfərdə Xorvatiyaya 2:9 hesabı ilə məğlub olduqları görüşə də toxunub: “Oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq. Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti olan Xorvatiya millisi Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır”.

Qeyd edək ki, sabah Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Seçilən
22
1
operativmedia.az

8Mənbələr