AZ

Bitcoin 75 min dollara düşə bilər? - Güclü artım mərhələsindən əvvəl…

Kriptovalyuta bazarında Bitcoinin (BTC) rəhbərliyi altında altkoinlər kəskin dəyər itirib və bazarda ciddi eniş qeydə alınıb. "Coinglass" platformasının məlumatlarına görə, son 24 saat ərzində 2 milyard dollardan çox likvidasiya baş verib ki, bu da COVID-19 pandemiyası və FTX böhranı dövründəki itkiləri belə üstələyir.

Valyuta.az xəbər verir ki, bu eniş kriptovalyuta investorlarını narahat edərkən, "Derive" analitikləri Bitcoinin mart ayının sonuna qədər 75.000 dollara düşmə riskinin artdığını bildirirlər. 

“Bitcoinin düşmə ehtimalı 22%-ə yüksəlib”

Bitcoinin 28 mart tarixinə qədər 75.000 dollara düşmə ehtimalı keçən həftə 10% olduğu halda, indi 22%-ə yüksəlib. Analitiklər bu ehtimalın artmasını ABŞ-ın Kanada, Meksika və Çin mallarına tətbiq etdiyi yeni tariflər ilə əlaqələndirirlər. Bu rüsumların inflyasiyanı artıracağı və nəticədə kriptovalyuta bazarındakı inamı zəiflədə biləcəyi qeyd olunur.

Donald Tramp administrasiyasının Meksika və Kanadadan idxal edilən məhsullara 25%, Çin mallarına isə 10% əlavə vergi tətbiq etməsi inflyasiyanı artırmaq potensialına malikdir. Bu proses investor etimadını sarsıdaraq, kriptovalyuta bazarında mənfi təsirlərə səbəb ola bilər" - deyə analitiklər bildirirlər. 

“Bazara yeni kapital axını ola bilər”

Bitwise və Grayscale kimi iri oyunçular "Dogecoin" (DOGE), "Solana" (SOL), "XRP" və "Litecoin" (LTC) üçün aktiv spot ETF müraciətləri təqdim ediblər. Mütəxəssislər bildirirlər ki, əgər ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) bu ETF-ləri təsdiqləsə, bu qərar rəqəmsal aktivlər sektoruna daha çox legitimlik qazandıracaq və bazara yeni kapital axınını stimullaşdıra bilər.

Xatırladaq ki, "BitMEX"in keçmiş baş direktoru Artur Heys də son açıqlamasında Bitcoinin yeni güclü artım mərhələsinə keçməzdən əvvəl 75.000 dollar səviyyəsinə qədər enəcəyini proqnozlaşdırıb. Kriptovalyuta bazarındakı bu qeyri-müəyyənlik fonunda investorlar ehtiyatlı olmalı və bazar tendensiyalarını diqqətlə izləməlidirlər.

Sərvanə Rəmixanova

Seçilən
1
valyuta.az

1Mənbələr