AZ

Ülvi Əliyev: “İndi futzalda zəif rəqib yoxdur”

Futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev Yunanıstan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində sabah Yunanıstan yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında saat 20:00-da start götürəcək oyunun hazırlığını komandamız bu gün matçın keçiriləcəyi arenadakı çalışması ilə yekunlaşdıracaq.

Milli komandanın aparıcı üzvlərindən Ülvi Əliyev komandadakı son durumla bağlı Azəraycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Dünəndən məşqlərimizi Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa, yorğunluq var idi. Çalışdıq bərpa prosesini yaxşı keçək”.

Ülvi Xorvatiya ilə oyundakı məğlubiyyətə də münasibət bildirib:

“Xorvatiya ilə oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq. Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti olan Xorvatiya millisi Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır”.

Əliyev növbəti rəqib barədə də düşüncələrini bölüşüb və azarkeşlərə müraciət ünvanlayıb:

“Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. 2 gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Seçilən
17
arena.az

1Mənbələr