Cəhənnəm odunda, yoxsa dünyada yanmaq?
Azərbaycan müsəlman ölkəsidir. Təbii ki, burada dünyasını dəyişən müsəlmanlar da İslam qaydaları ilə dəfn olunur. Son vaxtlar Azərbaycanda meyitlərin yandırılması üçün krematoriya mərkəzlərininn yaradılması haqda danışılır. Bildiyimiz buddizm, induizm, caynizm kimi dinlərdə meyitlər basdırılmır, yandırılır. Azərbaycanda bir çoxları meyitlərin yandırılmasının daha ucuz başa gəldiyini, hətta ekoloji və gigiyenik baxımından faydalı olduğunu iddia edir. Bəziləri isə bu fikirləri rədd edərək, yandırılmanın dinimizə zidd olduğunu bildirirlər. RTV mövzu haqqında ilahiyyatçı Elşad Miridən və azvision.az saytının rəhbəri Vüsal Məmmədovdan münasibət öyrənib.
Elşad Miri bildirir ki, Qurani-Kərimdə meyitlərin mütləq dəfn edilməsinin vacibliyi haqda qəti hökm yoxdur: “Məsələn, biri dənizdə, okeanda bata bilər,meyiti tapılmaz. Onun dəfni necə həyata keçiriləcək?”
Jurnalist Vüasl Məmmədovun sözlərinə görə, gigiyenik baxımından, insanın torpaqda çürüyüb heyvanlara yem olması yerinə, yanıb təmiz kül kimi saxlanması, yaxud basdırılması, ya səpilməsi daha yaxşıdır: “Buna görə mən hər zaman düşünürəm ki, ölən şəxsin basdırılmaqdansa, yandırılması daha yaxşıdır. Bəlkə o şəkildə yandırılanlardan biri də mən olacağam”.
“Müsəlman ölkəsində yaşayırıq. Ola bilsin ki, buna bir az fərqli yanaşmalar olsun. Yaxınlarınız bu fikrinizə necə yanaşır?” sualına Vüsal Məmmədov belə cavab verdi: “Mən ailəmlə bu barədə müzakirə etməmişəm, amma öləndən sonra məzarımı ziyarət edəcək adamlar varsa, onlar yaxınlarım – qızım və həyat yoldaşım olacaq. Onlar da mənim fikirlərimlə razıdırlar, çünki heç kim mənimlə mübahisə etməyi çox da sevmir. Onlar düşünürlər ki, nə olursa olsun, son nəticədə mən haqlı çıxacağam”.