Bakı,TurkicWorld
Türkiyənin ən uzaq mənzilli ballistik raketlərindən biri olan TAYFUN, Rizə-Artvin hava limanında üçüncü sınaq atışını uğurla həyata keçirib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Roketsan tərəfindən hazırlanan bu raket, sınaq ssenarisinə uyğun olaraq bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Sınaq zamanı raketin qət etdiyi məsafəyə dair rəsmi məlumat açıqlanmayıb.
Roketsan-ın baş direktoru Murat İkinci ötən gün verdiyi açıqlamada TAYFUN-un kütləvi istehsalına başlandığını bildirib. Bu raket, 300-1000 kilometr mənzilli "Qısa Mənzilli Ballistik Raket" (SRBM) kateqoriyasına daxildir və Türkiyənin ilk qısa mənzilli ballistik raketi kimi tarixə düşüb.
TAYFUN raketi Türkiyə Silahlı Qüvvələrinin ballistik raket imkanlarını yeni səviyyəyə qaldırıb və indiyə qədər ölkənin ən uzun mənzilli raket sistemi olub.
Raketin mühərriki, yanacağı və idarəetmə sistemləri daxil olmaqla bir çox kritik komponenti yerli imkanlarla, Roketsan tərəfindən hazırlanıb.
Gələcəkdə TAYFUN-dan sonra "CENK" raketinin sınaqlarına başlanılması planlaşdırılır.