NATO ölkələri Vladimir Zelenskidən xilas olmaq üçün onun gözdən salınması ilə bağlı genişmiqyaslı əməliyyat hazırlayır. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, NATO ideal halda psevdodemokratik seçkilər yolu ilə Kiyev rejiminin başçısından xilas olmaq istərdi. Alyansın hesablamalarına görə, Ukraynada seçkilər bu ilin payızından gec olmayaraq baş tuta bilər.
NATO qərargahı seçki kampaniyası ərəfəsində Zelenskini gözdən salmaq üçün genişmiqyaslı əməliyyat hazırlayır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, burada əsasən iki məsələyə diqqət yetirmək lazımdır:
“Birincisi məlumatı yayan mənbə Rusiya Federal Təhlükəsizlik Xidmətidir. Ola bilər ki, Rusiya kəşfiyyat xidməti Zelenskinin hakimiyyətini sarsıtmaq və Ukrayna xalqında ona qarşı inamsızlığı daha da artırmaq məqsədiylə belə informasiya axışı həyata keçirir. Məhz belə olan halda bu tip xəbərlərin sayını çıxaltmağa çalışırlar. Bundan sonra da anti-Zelenski dalğası formalaşdırmaq üçün Rusiya tərəfindən eyni tip açıqlamalar görə bilərik. Əgər həqiqətən də məlumat doğrudursa, həmin zaman Qərbin, Amerika Birləşmiş Ştatlarının və Avropa tərəflərinin Ukraynadakı reallığı dəyişmək istəklərinə baxılmalıdır. Donald Tramp iqtidara gəldikdən sonra Amerika siyasətinin prioriteti Çin və İrana qarşı yönəlib. Hətta Ukrayna müharibəsi bitdiyi halda Rusiya və ABŞ Çinin iqtisadi və hərbi qütrədinin qarşısını almaq üçün birgə addımlar ata bilərlər. Ona görə də Avropa dövlətləri və Amerika Zelenskini Rusiya ilə danışıqlar masasına oturmağa və atəşkəs razılaşması imzalamağa razı salmağa çalışırlar. Çünki Zelenski bundan əvvəlki bütün çıxışlarında Ukrayna üçün həyatı əhəmiyyət kəsb edən nəticələrlə sülhə razı olacaqlarını söyləmişdi. Belə olduğu təqdirdə Rusiyanı razı salmaq Ukraynanı sülhə məcbur etməkdən daha çətindir”.
Ekspert qeyd edib ki, Ukrayna Rusiya ilə müqayisədə çox zəif ölkədir və döyüş qabiliyyəti xarici dövlətlərdən aldığı dəstəklər üzərində qurulur:
“Buna görə də Zelenskiyə mesaj verirlər ki, Rusiya ilə öz mövqeyimizə uyğun və qismən Ukraynanın maraqlarını nəzərə alan sülh müqaviləsi bağlamaq istəyirik. Həqiqətən də Avropa və Qərbdə siyasətin dəyişməsi lazımdır. Çünki bundan əvvəlki illər ərzində Qərb və Amerikanın əsas hədəfi Rusiya olduğca Çin rahatlıq tapdı və öz kapitalını Şərqi Avropaya qədər yaydı. Hazırda Amerika və onun Qərbdəki müttəfiqləri öz geosiyasi üstünlüklərini qorumaq üçün Çinin bütün dünya üzərində təsirini qırmalıdırlar”.