Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib:
"Kanadanın istefa verən baş naziri ölkəsinin mənafeyini müdafiə etmədən Azərbaycana qarşı ziddiyyətli və qərəzli açıqlamalar verirdi. Bu gün səslənən ittihamlar da göstərir ki, Kanadada hökumətinin dəyişməsinə baxmayaraq, Ottavada Azərbaycanın lehinə mövqeyin yaranması hələ də mümkün olmayıb.
Bu gün Kanada o qədər də qüdrətli bir ölkə deyil və ciddi problemlərlə üzləşir. ABŞ faktiki olaraq, Kanadanın suverenliyini tanımır və ən yüksək səviyyədə - prezident səviyyəsində, Kanadaya qarşı ərazi iddiaları irəli sürür. Hətta Kanadanı öz tərkibinə daxil olmağa çağırır. Bu, bir dövlət üçün faciədir və açıq şəkildə Kanadadakı dövlət işlərinə müdaxilədir.
Buna baxmayaraq, görünür ki, Kanadanın yeni hökuməti də öz ölkəsinin mənafeyini nəzərə almır və hələ də erməni maraqlarını qorumağa davam edir. Təəssüf ki, həm Avropada, həm də okeanın o tayında güclü erməni diasporası oradakı siyasətçiləri öz nəzarətinə alıb. Bu siyasətçilər, pul qarşılığında erməni diasporuna xidmət edərək gələcəklərini təmin edirlər. Bu, həm həmin ölkələr, həm də Kanada üçün faciəvi bir vəziyyətdir.
Kanada kimi böyük bir dövlətin belə bir mövqe tutması, "Böyük Yeddilər"in üzvü olan bir ölkəyə yaraşmayan hərəkətdir. Bu, faktiki olaraq Kanadanın suverenliyinə qarşı təhdiddir. Kanada Xarici İşlər Nazirliyinin bəyanatlarında şübhəli məqamların olması da bu vəziyyəti daha da qarışdırır. Kanadanın öz daxili məsələlərini və Amerika Birləşmiş Ştatları ilə olan münasibətlərini nəzərə alaraq daha uyğun bir yanaşma sərgiləməsi, Azərbaycanın məsələlərinə müdaxilədən daha faydalı olardı. Həmçinin, Azərbaycanda mühakimə olunan terrorçuları qorumağa çalışan mövqelərdən çəkinmək daha məqbuldur".