Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) könüllü namizədlərlə görüş keçirilib.
MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə kitabxananın direktoru Hüseyn Hüseynov dövlət gənclər siyasətindən danışıb və MEK-in fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, AMEA-da ilk olaraq Mərkəzi Elmi Kitabxanada fəaliyyətə başlayan könüllülük hərəkatı gənclərin fərdi inkişafına, məsuliyyətli bir vətəndaş və gələcək peşəkar kadr kimi formalaşmasına təsir edir. Budəfəki müsabiqəyə qoşulanların sayında artım müşahidə olunduğunu vurğulayan direktor gənclərin MEK-ə marağını yüksək qiymətləndirib.
Daha sonra MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova müsabiqənin şərtləri, eləcə də gələcək üç ay ərzindəki fəaliyyətləri haqqında onları ətraflı məlumatlandırıb. Elmi katib son mərhələdə onlardan xüsusi keyfiyyətlərə malik 20 nəfər gəncin seçiləcəyini, öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikatlar veriləcəyini, aktivliyi ilə seçilənlərə isə xasiyyətnamələrin təqdim olunacağını bildirib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, kitabxana ilə tanışlıq olub.