AZ

Fevralın 5-də neçə nəfər azərbaycanlı miqrant Rusiyadan çıxarılacaq...

Image

Azər Allahverənov: “Fevralın 5-dən sonra həmin şəxslər çətin vəziyyətə düşəcək, onlar bank və digər xidmətlərdən yararlana bilməyəcəklər”

Məlum olduğu kimi, Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejimi işə başlayacaq. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib.

Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan, yaxud qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.

Bundan əvvəl bildirilmişdi ki, Rusiyada miqrantların uşaqları rus dili testindən keçə bilməyəcəyi və məktəbə qəbul ola bilməyəcəyi təqdirdə onlara cərimə tətbiq ediləcək.

Həmçinin mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.

“Reyestrə daxil olanlar ölkə ərazisində sərbəst hərəkət edə bilməyəcək, qaydalara əməl etməyənlər bir qayda olaraq deportasiya ediləcək”

Rusiyadan azərbaycanlı miqrantların çıxarılması barədə fikir bildirən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 5 fevral tarixindən etibarən Rusiyada qüvvəyə minəcək qaydalar miqrasiya siyasəti ilə bağlıdır: “Məlumdur ki, Rusiyada kifayət qədər qanunsuz miqrant yaşayır. Onların sayı barədə müxtəlif fikirlər səslənir. Rusiya ölkədə qanunsuz yaşayan miqrantların çıxarılma rejimini işə salıb. Bu müəyyən mərhələlərlə həyata keçiriləcək bir prosesdir. Qanunsuz yaşayan miqrantlar reyestrə daxil olacaq və onların yaşadığı ünvan barəsində də hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu o deməkdir ki, hüquq-mühafizə orqanlarının icazəsi olmadan həmin şəxslər yaşadığı ünvanı dəyişə bilməyəcək. Onlarla bağlı mövcud vəziyyət onu göstərir ki, miqrantlar ölkə ərazisindən çıxarılacaq, məhkəmə qərarına ehtiyac olmayacaq. Ölkədə çıxarılma haqqında qərar verilibsə, digər strukturlar buna əməl edəcək. Onu da deyim ki, 5 fevral tarixindən etibarən Rusiyada yaşamaq üçün qanuni icazəsi olmayanlar ölkə ərazisində nə ev, nə maşın ala bilərlər. Həmçinin, onlar Rusiya banklarından kredit belə götürə bilməyəcəklər, bununla yanaşı, o insanlar nikaha belə daxil ola bilməyəcəklər. Bir sözlə, reyestrə daxil olanlar ölkə ərazisində sərbəst hərəkət edə bilməyəcəklər. Bu qaydalara əməl etməyənlər bir qayda olaraq deportasiya ediləcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Rusiya ərazisində qanuni əsaslarla yaşayan azərbaycanlıların sayı təxminən 400-450 mindir. Bunların bir qismi qanuni əsaslarla ölkəyə gəlsə də, sonrakı mərhələdə əsası olmayan miqrant kimi dəyərləndirilir. Bu da həmin şəxsləri çətin vəziyyətə salmış olur. Fevralın 5-dən sonra həmin şəxslər çətin vəziyyətə düşəcək: “Onlar bank və digər xidmətlərdən yararlana bilməyəcəklər. Ölkə ərazisində şəxsin yaşaması üçün hüquqi əsas yoxdursa bu həmin miqrantın deportasiya olunmasına potensial səbəbdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycandan olan miqrantlar isə heç ilk beşliyə daxil deyil. Yəni vətəndaşlarımız əsasən qanuna riayət edən miqrant kateqoriyasına aid edilirlər: “Təbii ki, onlar arasında qanunsuz yaşayan insanlar da var və onlar daha çox Moskva şəhərindədirlər –vətəndaşlarımızın kompakt yaşadığı yerdə. Amma bu il artıq baş verməkdə olan dəyişikliklər bu və ya digər formada həmin insanlara da təsir edəcək”.

Günel CƏLİLOVA





Seçilən
19
baki-xeber.com

1Mənbələr