AZ

Gənclər Günü cəmiyyətin günüdür

 Zülmətin bağrını yardın, gecəni dan elədin!

Azərbaycan əsəgərinə yazdığım bir şeirin bir misrası beləydi. Xocalıda da, Xankəndidə də bu şeirin işığında əsgərlərimizlə səmimi söhbətləşmişdik. Döyüşlərdən danışmışdıq, şəhidlikdən, şəhidlərdən danışmışdıq, Zəfərdən danışmışdıq. Cəbrayıldan olan bir döyüşçünün döyüşçü yoldaşlarına istəyini də xatırlamışdıq: Qələbədən sonra bizim kəndimizə gedərik, şəhidlərimizi Soltanlıda da anarıq. Mən şəhid olsam kəndimizə gedin. Onda ruhum sıranızda olacaq. Tərxis ediləndən sonra bu döyüşçülər Soltanlıya gediblər. Qalib əsgər kimi. Zülmətin bağrını yarıb gecəni dan edənlər şəhid döyüşçünün istəyini sədaqətlə yerinə yetiriblər. O zülmət işğalçılığıydı, birdəfəlik əridildi, Azərbaycan əsgərinin Vətənə sevgisi əritdi, sərkərdəlik məharəti əritdi, xalqla ordunun birliyi əritdi, Azərbaycan gəncliyinin Vətənə sədaqəti əritdi...

“N” hərbi hissəsində Gənclər günündən danışırıq...

Leytenant Orxan Həsənquliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında gənclərin mütəşəkkilliyini, dönməzliyini, Vətənə sevgisini, bu sevgini milli-azadlıq hərəkatının mübarizə bayrağına çevirdiyini, imperiyanın qoşunlarına qarşı mərdanəliyilə necə dayandığını, şəhidlikdən keçən azadlığın necə qazanıldığını xatırladır. əsgərlərin baxışlarında hamımıza tanış qürur görünür. Onlardan 15 yaş böyük olan qürurun bu sədaqətlə yaşadılması o qürurun müqəddəsliyinə görədi, o müqəddəslik Vətənin müqəddəsliyidi.

1990-cı ilin 20 yanvarında gənclər imperiyanın qoşunlarının qarşısında qol-qola tutub dayanmışdı. Bu əmri verənlər görmədilər, əmri icra edənlər bu qətiyyətdən vahimələnmişdilər. Bu vahimə onların varlığını titrətmişdi. Duymuşdular ki, imperiya Azərbaycanda məğlub olma ərəfəsindədir. İmperiyanı Azərbaycanda milli-azadlıq hərəkatı çökdürdü, Azərbaycan gəncləri, Azərbaycan gəncliyi çökdürdü.

Əsgər Elnur Əliyev deyir ki, Azərbaycanda gənclər siyasəti haqqında qəbul imtahanlarına hazırlaşanda oxumuşdum:

- Bu siyasətin böyük tarixi şəxsiyyət Heydər Əliyevlə başladığını, genişləndiyini, dövlət siyasətinin tərkib hissələrindən biri olduğunu da oxumuşdum. Ulu Öndərin dediyi bir kəlam indi də yaddaşımdadır: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər gəncləri cəmiyyətin inkişafında böyük qüvvə kimi dəyərləndirirdi, gənclərə inanıırdı, gənclərə güvənirdi. Gənclər Vətənin vətəndaşlıq əsgəri idi, bu inamın, bu güvəncin əsgəri idi. 1993-cü ilin 22 sentyabrında gənclərin nümayəndələri ilə görüşəndə onlara müraciətində bildirmişdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik”.

Bu ümid gerçəkləşdi, Azərbaycanda milli qarşıdurma təhlükəsi sovuşdu, separatçılıq ləğv olundu, dövlət idarəçiliyi tənzimləndi. Bunlar böyük tarixi şəxsiyyətin inamına sədaqətin nəticəsi idi...

Əsgər Teymur Alpaşayev əsgər yoldaşının sözünə qüvvət kimi orta məktəbdə oxuyanda tarix müəllimlərinin dediklərini xatırladır:

- Bu siyasət böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətin siyasi kursu oldu. 1994cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi, 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Yəni təşkiltlanma bütövləşdi. Fəaliyyət tənzimləndi, dövlətin daxili siyasətinə müvafiq istiqamətləndirildi.

Əsgər Abuzər Məmmədov:

- Deyiblər – eşitmişik, öyrədiblər - öyrənmişik, biz də bilirik ki, gənclər cəmiyyətin inkişafında böyük qüvvədir, bu qüvvə aparıcı qüvvədir. Bütün sahələr üzrə gənclərin fəaliyyətinin dövlət idarəçiliyinə də cəlb etmək, gənclərin ölkənin inkişafında iştirakını, məsuliyyətini artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsini tövsiyə etdi. 1996-ci il fevralın 2-də də gənclərin I Forumu keçirildi. Bu qurultay gənclərin siyasi fəallığını yüksəltdi.

Əsgər yoldaşının fikrini əsgər Həsən Ələsgərov tamamlayır:

- Azərbaycan gənclərinin I Forumunun ildönümü ilə əlaqədar ölkə rəhbəri 1997-ci il fevralın 1-də respublika gənclərinin bir qrupunu qəbul etdi. Bu qəbul dövlət başçısının dövlətin gənclərinə etimadının davamı kimi tarixləşdi. Gənclər bu qəbulun mahiyyətini dövlət başçısının etimadını təhsildə də, əməkdə də, ictimai həyatda da, Vətənin müdafiəsində də doğrulacağına vətəndaşlıq borcu bilmişdi.

Əsgərlərin Azərbaycanda gənclər siyasətinə bələdliyini, bu istiqamətdə məlumatlarını, bilgilərini zabitlər də bəyənir, biz də bəyənirik. Hərbi xidmətə gəlməzdən əvvəl qəbul imtahanlarına hazırlaşmış əsgər Əli Əliyev deyir:

- İctimai-siyasi dərsdə qrup rəhbərimiz demişdi ki, 1999-cu il martın 2-də Azərbaycan gənclərinin ikinci çıxışında ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılmasıyla, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr vermişdi. Heydər Əliyev Forumda XXI əsri gənclərin əsri adlandırmışdı. Bu ideyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədaqətlə davam etdirdi. Gənclər əsrində 2007-ci ili  "Gənclər ili" elan etdi, bu haqda Sərəncam imzaladı...

2007-ci ilin "Gənclər ili" elan edilməsi dövlət başçısının Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşmasının əyani təzahürüdür. Bununla bağlı dövlət başçısının imzaladığı Sərəncamda deyilirdi: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Əsgərlər də bilir ki, Azərbaycan Ermənistanın işğalçılıq müharibəsinə torpaqlarını işğaldan azad olunması üçün siyasi mübarizə apara-apara ordusunun döyüş hazırlığını da yüksəldirdi. Ermənistanın müxtəlif miqyaslı hərbi xarakterli təxribatlarının, irimiqyaslı hücumlarının qarşısını qətiyyətlə alırdı. Sülh danışıqlarından yayınan, regionda status-kvonu saxlamağa çalışan Ermənistan 2020-ci il sentyabrın 27-də də müxtəlif istiqamətlərdən hücuma keçdi. Bu hücumun da qarşısı alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı.

İkinci Qarabağ müharibəsi başlayanda minlərlə tələbə, müxtəlif sahələrdə işləyən gənclər döyüşlərə getmək üçün rayonların səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə müraciət edirdi. Səfərbərliklə göndərilənlər də gənclər idi, ordumuzun şəxsi heyətinin əksəriyyəti də gənclər idi, şəhid olanlar da gənclər idi. Azərbaycanın bu gününün də, sabahlarının da məsuliyyətinin cəfakeşi gənclər olub, indi də gənclərdir, sabah da gənclər olacaq. Azərbaycan gəncləri hər ili Azərbaycan naminə gənclər ili kimi, hər günü gənclər günü kimi yaşayır...

–Azərbaycan Ordusu xalqla ordunun birliyiylə, sərkədənin müdrikliyiylə, azərbaycançılıq qüdrətiylə döyüşürdü. Ordu hissələrimiz müharibənin gedişində meşə cığırlarını, nazik yolları ordunun, doyüş maşınlarının keçə biləcəyi hərbi yola çevirməyi bacarmışdı. Bu yol döyüşçülərimizi zəfərə aparıırdı. Şuşaya hücum bu yolla həyata keçirildi. Şuşa işğaldan azad edildi. Bu qələbə İkinci Qarabağ müharibəsinin sonu oldu, - deyirəm. Kapitan Tahir Tahirov fikrimin davamı kimi bir məqamı xatırladır:

- Azərbaycan Respublikasının Prezidenti çıxışlarının birində böyük qürurla. İnamla, sevgilərlə deyib ki, Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda döyüşlərin ön sıralarında gedənlərin əksəriyyəti gənclər idi.

Baş leytenant pilot Fərid İsgəndərovun ordu gənclərinin Xankəndi Forumunda çıxışında dediyi fikirləri xatırladıram:

- Ordu gəncləri kimi pilotlar da həmişə Vətənə böyük sədaqətlə xidmət edəcəklər.

Fikrim əsgərlərin düşüncələrini bu günkü söhbətin cazibəsindən ayırıb sabahlara yönəldir:

- Biz İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış əsgərlərin davamçıları kimi Vətənə həmişə sədaqətlə xidmət edirik. Hərbi xidmətə bizdən sonra gələnlər də belə xidmət edəcəklər. Azərbaycanın ərazi bütövlüyünü xidmətdə olan gənclər də qoruyur, tərxis olunmuş əsgərlər də bu niyyətin əsgərləridir. Gənclər Azərbaycanın vətəndaşlıq əsgərləridirlər...

Hərbi xidmət milli-mənəvi dəyərlər əsasında formalaşan azərbaycanlı gənclərin Vətənə sevgisini Hərbi Andı ilə, dövlətə, dövlətçiliyə sədaqəti ilə püxtələşdirir. Asudə vaxtında bu söhbətin Azərbaycan gəncliyinin sabahlarına, Azərbaycanın qüdrətinə inam kimi tarixləşdiyinə zabitlər də əmin oldu, biz də əmin olduq...

 Rəşid FAXRALI

 

 

Seçilən
7
herbiand.az

1Mənbələr