AZ

“Bitcoin yox olacaq” - Nobel mükafatlı iqtisadçı

Nobel mükafatlı iqtisadçı Yucin Fama (Eugene Fama) kriptovalyutalar, xüsusilə də Bitcoin (BTC) haqqında səs-küylü açıqlama verib. Onun fikrincə, Bitcoin gələcəkdə tamamilə dəyərsiz olacaq. Bəs bu nə vaxt baş verəcək?

Müasir maliyyə nəzəriyyəsinin banilərindən biri hesab olunan Yucin Fama, Bitcoinin gələcəyi ilə bağlı sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, hazırda 100 min dollarlıq qiymətlərlə əlaqələndirilən ən böyük kriptovalyuta, gələcəkdə tamamilə dəyərsiz olacaq və bir növ "çöpə" çevriləcək.

Bir podkast müsahibəsində danışan məşhur iqtisadçı, Bitcoin və altkoinlərin real dəyərinin olmadığını və bunun pul nəzəriyyəsinə zidd olduğunu bildirib. Onun fikrincə, əgər kriptovalyutalar dəyərini qoruyub saxlaya bilsə, bu, iqtisadi nəzəriyyələrin yenidən yazılmasını tələb edəcək. Məhz bu səbəbdən o, BTC-nin gələcəkdə dəyərsizləşəcəyini düşünür.

Famanın sözlərinə görə, Bitcoin qarşıdakı 10 il ərzində tamamilə dəyərsiz hala düşə bilər. Bunun sadəcə bir ehtimal olduğunu vurğulayan iqtisadçı, kriptovalyutaların mövcudluğunu qoruyub saxlamasının iqtisadçıları yeni araşdırmalar aparmağa məcbur edəcəyini də qeyd edib.

Bu açıqlama, kriptovalyuta bazarlarında tarixin ən böyük çöküşlərindən birinin yaşandığı bir vaxtda gəlməsi ilə diqqət çəkir. Bitcoin və digər kripto aktivlərin ciddi dəyər itirdiyi bu dönəmdə, Famanın fikirləri bazardakı qeyri-müəyyənliyi daha da artırıb. Gələcək illər Yucin Famanın proqnozlarının doğruluğunu sübut edəcəkmi, yoxsa kriptovalyutaların tərəfdarları haqlı çıxacaq? Bu sual hələ də açıq qalır.

Sərvanə Rəmixanova

Seçilən
13
valyuta.az

1Mənbələr