![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/irevan.webp)
Azər Həsrət: “Güney və quzeyli azərbaycanlılar İrəvanın da Azərbaycan torpağı olduğunun fərqindədir”
Məlum olduğu kimi, bir neçə gün əvvəl bir qrup şəxs İrəvanın Respublika meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını ifa edib. Bununla bağlı sosial mediada görüntü yayılıb. Videonun yayımlanması geniş rezonansa səbəb olub.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Respublika meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını ifa edənlərin İran vətəndaşları olduğunu qeyd edib.
Maraqlıdır, iranlıların İrəvanın mərkəzində “Qarabağ” mahnısını oxumasında məqsəd nədir? Onlar bununla nə mesaj vermək istəyir? İranın burda marağı varmı?
“İrəvanən mərkəzində “Qarabağ”mahnısını oxuyanlar iranlılar deyil, güney azərbaycanlılardır, onlar öz hisslərini açıq şəkildə büruzə veriblər”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İrəvanın mərkəzində “Qarabağ”mahnısını oxuyanlar iranlılar deyil, güney azərbaycanlılardır. Hazırda İranın nəzarəti altında olan Güney Azərbaycandan gələn soydaşlardır: “Onların qədim Azərbaycan torpağı olan İrəvanda “Qarabağ” mahnısı oxumasında təəccüblü heç nə yoxdur. Güney və qüzeyli azərbaycanlılar İrəvanın da Azərbaycan torpağı olduğunun fərqindədir. Bu hadisə ilə bağlı İran kiməsə hansısa mesaj verməyib. Sadəcə, güney azərbaycanlılar öz hisslərini açıq şəkildə büruzə veriblər. Təəssüf ki, Ermənistan hakimiyyətinin müvafiq qurumları bununla bağlı iki nəfərin saxlanıldığını bəyan edib. Məlumdur ki, saxlanılanlardan biri Ermənistan vətəndaşı, digəri isə güney azərbaycanlıdır. Onların həbs olunması üçün heç bir ciddi səbəb olmayıb, cinayət törətmədikləri halda həbs edildilər. Bu hal ermənilər üçün xoş olmaya bilər, ancaq inzibati, cinayət hüquq pozma əməli yoxdur. Buna baxmayaraq, Ermənistan hakimiyyəti İrəvanın mərkəzində mahnı oxuyan iki nəfəri həbs etdi, bu, dözümsüzlüyün bir həddidir. Məlum hadisə erməni toplumunun mahiyyətini ortaya qoyur. Onlar adi mahnıdan belə qıcıqlanır. Hesab edirəm ki, Ermənistanın arxasında olan dünya gücləri, ölkələri bu məsələni diqqətə almalıdır”.
Günel CƏLİLOVA