Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” ekvadorlu hücumameyilli yarımmüdafiəçisi Cordan Rezabala ilə yollarını ayırıb.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
Müqaviləsinin müddəti başa çatmış yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb. “Sumqayıt” Rezabalaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Sumqayıt” tam adı Cordan Lenin Rezabala Anzules olan və azad agent statusu daşıyan futbolçu ilə 2024-cü ilin fevral ayında müqavilə bağlamışdı. Həmin vaxt tərəflər 2024-cü ilin sonunadək anlaşmışdılar.
Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala “Sumqayıt”dan öncə ölkəsinin “Quayakil Siti” klubunda çıxış edib. 23 yaşlı yarımmüdafiəçi ölkəsində “Olmedo”, “Manta”, “Aukas”, Meksikada “Tixuana” və “Dorados de Sinaloa” kimi klubların da şərəfini qoruyub. Rezabala 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.
Rezabala “Sumqayıt”da bütövlükdə 30 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Fernando Medeyros, Rəhim Sadıxov, Nikola Vuynoviç və Kristian Velinovski ilə də yollarını ayırmışdı. Əvəzində sözügedən klub Momo Yansane (“Torpedo”, Kutaisi, Gürcüstan) və Ronaldo Vaskeslə (“Quabira”, Boliviya) güclənib.