Məşhur investor və "Varlı ata, kasıb ata" kitabının müəllifi Robert Kiyosaki, qlobal bazarların ciddi eniş yaşadığı bir dövrdə sosial media hesabında diqqətçəkən paylaşım edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, Kiyosaki "Böyük çöküş başladı, indi!" sözləri ilə səhmlər, istiqrazlar, daşınmaz əmlak, qızıl, gümüş və "Bitcoin"in eniş trendində olduğunu vurğulayıb.
Kriptovalyuta bazarındakı güclü satış dalğası investorlar arasında təşvişə səbəb olsa da, Kiyosaki bu vəziyyətin böyük bir fürsət yaratdığını bildirib. O, "Bu, varlanmaq üçün ən yaxşı zamandır. Uduzan olmayın. Sakit qalın" sözləri ilə investorları uzunmüddətli düşünməyə səsləyib.
Kiyosakinin investisiya fəlsəfəsinə görə, böhran dövrləri sərvət toplamaq üçün ən əlverişli zamandır. Bu fikrini tarixi məlumatlarla dəstəkləyən Kiyosaki, 2008-ci il maliyyə böhranında S&P 500 indeksinə 1 000 dollar yatırım edən bir investorun bu gün təxminən 7 989 dollar qazanc əldə edəcəyini bildirib.
O, həmçinin "Bitcoin"in 2022-ci ildə 16 000 dollar səviyyəsindən 95 000 dollara qədər yüksəldiyini xatırladaraq, enişlərin uzunmüddətli investorlar üçün böyük fürsətlər yaratdığını vurğulayıb. Bununla belə, bazarda hələ də bir çox səhmlərin həddindən artıq dəyərli olması investorlar üçün riskləri artırır.
"Binance" CEO-su Tenqdən “böhran idarəetməsi” tövsiyələri
"Binance" şirkətinin CEO-su Riçard Tenq də bazardakı panikaya qarşı üç əsas strategiya təqdim edib. O, ilk növbədə, bazarların dövri olduğunu və bu prosesin müvəqqəti xarakter daşıdığını vurğulayıb. İkinci olaraq, investorların böhran dövrlərini yeni biliklər və bacarıqlar qazanmaq fürsəti kimi görməli olduqlarını qeyd edib. Üçüncü olaraq isə bazarların zamanla yetkinləşdiyini və dalğalanmalara qarşı daha dayanıqlı hala gəldiyini bildirib.
Tenq, keçmişdə bazarlarda yaşanan çöküşləri xatırladaraq, "Bitcoin"in dəfələrlə kəskin enişlərdən sonra toparlandığını bildirib. O, bu prosesdə investorların uzunmüddətli strategiyalara diqqət yetirməsinin əhəmiyyətini vurğulayıb.
Aydın