![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/belcika.webp)
Xəyal Bəşirov: “Azərbaycan tərəfin tam haqqı var ki, onların bu addımlarını nəzərə alıb bu hökuməti qeyri-legitim hesab etsin”
Belçikanın yeni hökuməti formalaşıb və ölkədə 25 siyasi partiya arasında koalisiya sazişi imzalanıb. Yeni hökumətin qəbul etdiyi proqramda Azərbaycana qarşı əsassız məsələlər, iddialar yer alıb.
Sözügedən sazişdə “Dağlıq Qarabağın” adı çəkilir, ermənilərin Azərbaycana qaytarılması məsələsi qoyulur və sair onlara aid olmayan məsələlərdən danışılır. Bu, Azərbaycanın fundamental maraqlarına zidd bir sənəddir. Belçikanın yeni hökuməti bizim daxili işlərimizə qarışmağa cəhd edir, ərazi bütövlüyümüzün, suverenliyimizin əleyhinə danışır. Belə şəraitdə sual yaranır ki,
Azərbaycan rəsmi olaraq Belçikanın bu hökumətini tanımaqdan imtina etməlidirmi? Yəni Belçikanın bu hökuməti ilə əməkdaşlıq etməkdən imtina etməlidirmi? Əgər Belçikanın yeni təşkil olunan hökuməti bizə qarşı belə münasibət göstərirsə, o hökuməti tanımamaq haqqında Azərbaycanın rəsmi açıqlama, reaksiya verməsi nə dərəcədə doğru ola bilər?
Yəni Azərbaycan rəsmi olaraq bu hökuməti tanımamaq, bu hökumətlə əməkdaşlıq etməmək haqqında ortaya mövqe qoya bilər ki, belə hökuməti tanımıram və onunla əməkdaşlıq etmək istəmirəm.
“Düşünürəm ki, dövlətimizin bununla bağlı rəsmi mövqeyi olacaq”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Beliçkada uzun sürən ciddi narazılıqlardan, böhrandan, hakimiyyət uğrunda siyasi partiyaların mübarizəsindən sonra artıq hökumətin qurulması ilə bağlı razılıq əldə edilib. “Yeni hökuməti quran 25 siyasi partiya saziş imzalayıb, o sazişlə bağlı hökumətin təxminən 200 səhifəlik bir proqramı müəyyən edilib. Bu proqramda bir sıra məsələlərə toxunulub. Maraqlı məqam ondan ibarətdir ki, həmin o sənəddə Belçika ilə bu və ya digər formada heç bir əlaqəsi olmayan, 30 min kvadrat kilometr ərazisi olan Belçikadan minlərlə kilometr aralıda olan məsələlərə də yer verilib. Bu hökuməti formalaşdıran siyasi partiyalar bəlkə də Belçikanı “fövqəl bir dövlət” hesab edirlər ki, ayrı-ayrı regionlarda baş verən məsələlərə də mübasibət bildirirlər. Heç olmasa bu münasibət reallıqları nəzərə alıb bildirilsəydi və haqlı mövqe sərgilənsəydi bunu hardasa anlamaq olardı. Qeyd etdiyim kimi, Cənubi Qafqazla heç bir əlaqəsi olmayan Belçikanın hökumətini quran bu siyasi partiyalar bizim bölgədə reallıqlarla heç bir uyğunluğu olmayan, onlara aidiyyəti olmayan məsələlərə toxunublar.
Düşünürəm ki, Avropada bəzi dövlətlər Fransadan belə bir səhv nümunə götürüb öz daxillərindəki problemlərdən insanların diqqətini yayındırıb, cəmiyyətin, onlara səs verən, etimad göstərən vətəndaşların nəzərlərini ayrı-ayrı məsələlərə yönəltmək yolunu tutublar. Belçikada hökuməti formalaşdıran partiyalar da bu addımı atmaq niyyətindədirlər. Belçika hökumətinin mövqeyi qəbuledilməzdir. Onlar “Dağlıq Qarabağla” əlaqədar mövqe bildirirlər. Halbuki, o “Dağlıq Qarabağ” Belçika kimi digər bir sıra Avropa dövlətlərinin zamanında legitimliyini tanımadıqları Sovet İttifaqı tərəfindən formalaşdırılmış bir ifadə idi və Qarabağın ermənilərə verilməsi niyyətilə atılmış bir addım idi. Belçika digər Qərb dövlətləri kimi ümumilikdə Sovet İttifaqının legitimliyini, qanuniliyini qəbul etməsə də, hansısa məsələlər onların marağına uyğun gələndə onlar vaxtilə SSRİ-nin atdığı addımlardan istifadə etməyə çalışırlar.
Baxın, eyni zamanda Belçika hökumətini formalaşdıran şəxslər elə bil Belçika Ermənistan respublikası formalaşdırırlar, yaxud orda erməni hakimiyyəti qurulur. Bu nədirsə, bunu heç cür anlamaq olmur. Sanki erməni əslilli şəxslərin rəhbərlik etdiyi, aktivlik nümayiş etdirdiyi bir partiya hakimiyyətə gəlib, yaxud da o 25 siyasi partiyanın mütləq əksəriyyəti ermənilərdən ibarətdir ki, onlar fokuslanmanı Cənubi Qafqaz və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında mövcud olan keçmiş münasiqə ilə əlaqədar mövzulara həsr ediblər. “Dağlıq Qarabağ” ifadəsinin olmadığını çox gözəl bilən Belçika rəsmiləri bu addımı atırlarsa, onlar bir daha rəsmi Brüssel olaraq beynəlxalq hüquqa hörmətsiz yanaşma ortaya qoyublar. Beynəlxalq hüququn tapdalanmasına bir daha imkan yaradır, rəvac verirlər”.
X.Bəşirov digər bir məsələyə də toxunaraq bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra kimlərinsə oyunlarına gəlib, məqsədlərinə alət olub Azərbaycan ərazisini könüllü şəkildə tərk edən ermənilərin bizim əraziyə qaytarılması ilə bağlı mövqe bildirirlərsə, o halda prosesə ədalətli yanaşsınlar, hüquqa uyğun, real prizmadan yanaşsınlar. X.Bəşirov qeyd etdi ki, Belçikanın yeni hökuməti Qarabağdan könüllü köçüb getmiş ermənilərdən uzun illər əvvəl Ermənistandan zorla deportasiya edilən, qovulan yüzminlərlə azərbaycanlının da hüquqlarından danışsınlar. “Yüzminlərlə azərbaycanlının 30 ildən artıqdır ki, öz tarixi torpaqlarına, evlərinə, yurd-yuvalarına qayıtmaq hüququndan məhrum olması ilə bağlı məsələyə də toxunsunlar. Bu məsələyə toxunsaydılar biz hardasa onların prosesə real yanaşdıqlarını anlayardıq. Onu görməzdən gəlib “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib ermənilərin Qarabağa qaytarılması ilə bağlı fikir səsləndirənlər bir daha onu göstərdilər ki, onlar səthi və kiminsə könlünü xoş etmək niyyəti ilə bu fikri səsləndiriblər. Bununla bir daha həmin hökumətin formalaşmasında ayrı-ayrı regionlarda, Avropa dövlətlərində, Avropa Parlamentində, ABŞ-da rüşvətlə, korrupsiya ilə siyasi fiqurları ələ alan siyasi partiyaların fəaliyyətinə təsir göstərən erməni diasporunun, lobbi təşkilatlarının izləri özləri ifşa etmiş oldular.
Düşünürəm ki, o hökumətin formalaşmasında iştirak edən ayrı-ayrı siyasi partiyalar və onların rəhbər şəxslərinin erməni diaspor və lobbi təşkilatlarının maliyyəsindən, səsindən, nüfuzundan və digər amillərdən istifadə edərək iqtidara gəldikləri aşkardır. Çünki onlar dünyanın ayrı-ayrı regionlarında alovlanmaqda olan real münaqişələrə münasibətdə fikir səsləndirməyib, artıq həllini tapmış münaqişəyə münasibətdə ədalətsiz, qərəzli, qeyri-adekvat mövqe sərgiləyirlər . Hesab edirəm, Azərbaycan tərəfin tam haqqı var ki, onların bu addımlarını nəzərə alıb bu hökuməti qeyri-legitim hesab etsin, onu tanımamaqla bağlı addımlar atsın. Ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq səviyyədə tanınmış ərazilərimizi tanımayan və onu şübhə altına alan, eyni zamanda Azərbaycan dövlətinin daxili məsələlərinə qarışan, ölkəmiz haqqında qeyri-real, ədalətsiz və qərəzli fikirlər səsləndirən bir hökumət təbii ki, bizimlə hər hansı bir formada əlaqələrin qurulmasına nail ola bilməz, çünki biz bunu qəbul etmirik. Bu baxımdan, düşünürəm ki, dövlətimizin bununla bağlı rəsmi mövqeyi olacaq və rəsmi mövqeyimizi bildirməklə həmin o hökuməti tanıyıb-tanımadığımızı ortaya qoymuş olacağıq. Bu da digər dövlətlər üçün görk olsun. Fransanın atdığı addımlardan nəticə çıxarmayan Belçikanın atdığı bu addımlara göz yuması olsaq, hesab edirəm ki, digər dövlətlər də erməni diasporunun, lobbi təşkilatlarının təsiri altında eyni addımı atacaqlar. Bu da, təbii ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarına ziddir” - deyə X.Bəşirov vurğuladı.
İradə SARIYEVA