Dünyanın ən böyük qlobal e-ticarət platformalarından biri olan "Temu" Çinin "PDD Holdings" şirkətinə məxsus qlobal e-ticarət platformasıdır. Təsisçisi Çen Ley (Chen Lei) olan platforma 2022-ci ildə ABŞ bazarında fəaliyyətə başlayıb, sonradan Kanada, Avropa, Avstraliya və digər ölkələrə də genişlənərək qısa müddətdə populyarlıq qazanıb.
Xüsusilə, 2023-cü ilin əvvəllərindən etibarən "Temu" ABŞ və Avropa bazarlarında tanınmağa başladı. “Super Bowl” kimi böyük tədbirlərdə reklam kampaniyaları apararaq daha geniş auditoriyaya çatdı. Bundan əlavə, platforma “TikTok”, “YouTube” və “Instagram” kimi sosial media kanallarında intensiv reklamlar və promosiyalarla istifadəçilərin diqqətini cəlb etdi.
Valyuta.az xəbər verir ki, 2023-2024-cü illərdə Kanada, Avstraliya, Avropa və Latın Amerikası bazarlarına genişlənən "Temu" “Amazon” və “AliExpress” kimi nəhəng e-ticarət platformaları ilə rəqabət aparmağa başladı.
“Temu”nun üzləşdiyi çətinliklər
Baxmayaraq ki, "Temu" qısa müddətdə qlobal bazarda sürətli yüksəliş yaşayıb, platforma böyük çətinliklərlə də üzləşib. Bu çətinliklər müəyyən dövrlərdə "Temu"nun zəifləməsinə səbəb olub və hələ də bəzi problemlər davam edir. 2022-ci ilin sentyabr ayında ABŞ bazarında fəaliyyətə başlayanda "Temu" çoxsaylı gecikmiş sifarişlər və logistika problemləri ilə üzləşib. İstifadəçilər 7-15 gün çəkən çatdırılma müddətlərindən şikayətlənib, bəzi hallarda isə sifarişlər həftələrlə gecikirdi və bu səbəbdən bir çox alıcı platformaya güvənmədiyini bildirib və sosial mediada mənfi rəylər artıb.
“Temu”nun bazar təzyiqləri
“Temu”nun ən böyük çətinliklərindən biri bazar təzyiqləri olub. Əsas rəqibləri olan "Amazon", "AliExpress" və "Shein" bazar payını qorumaq üçün agressiv endirim kampaniyaları və yeni strategiyalar tətbiq edib. 2024-cü ilin sonlarında bəzi məlumatlara görə, "Temu" subsidiya siyasətinə çox pul xərclədiyi üçün gəlirlilik baxımından çətinlik çəkib. Rəqibləri daha sürətli çatdırılma və keyfiyyət zəmanəti təklif etdikcə, "Temu" müştəriləri saxlamaq üçün daha çox xərc çəkməyə məcbur olub.
Hazırda "Temu" bu problemləri həll etmək üçün logistika şəbəkəsini gücləndirmək, keyfiyyətə nəzarəti artırmaq və müştəri xidmətlərini yaxşılaşdırmaq istiqamətində addımlar atır. Buna baxmayaraq, platformanın uzunmüddətli uğuru rəqabətə necə tab gətirəcəyindən və istifadəçi təcrübəsini necə yaxşılaşdıracağından asılı olacaq.
“Temu”nun hazırkı vəziyyəti
Platforma qlobal bazarda sürətlə böyüyən onlayn alış-veriş saytlarından biri hesab olunur və birbaşa istehsalçıdan istehlakçıya (B2C) satış modelini tətbiq edərək sürətlə populyarlaşıb. Bu strategiyalar sayəsində "Temu" qısa müddətdə milyonlarla istifadəçiyə çatdı və qlobal e-ticarət sektorunda əsas oyunçulardan birinə çevrildi. “Temu” hələ də daha çox inkişaf etməyə səy göstərir. Belə ki, "Temu" ABŞ, Kanada, Avropa, Avstraliya və Latın Amerikası bazarlarında aktiv fəaliyyət göstərir. 2024-cü ildə platformanın aylıq aktiv istifadəçi sayı 100 milyondan çox olduğu təxmin edilir.
Çin mənşəli "PDD Holdings" şirkətinə məxsus olan "Temu" istehsalçıdan birbaşa istehlakçıya (B2C) satış modelini tətbiq etməklə ucuz qiymət strategiyasını qoruyub saxlayır. "Temu" hələlik gəlirliliyindən çox bazar payını artırmağa və yeni istifadəçilər qazanmağa fokuslanıb. 2023 və 2024-cü illərdə şirkət milyardlarla dollar dəyərində reklam və promosiyalara yatırım edib.
Bəzi hesabatlara görə, "Temu" hələlik gəlir əldə etməkdən çox subsidiya və endirimlər vasitəsilə bazarı ələ keçirmək strategiyasını davam etdirir. "Temu" daha çox bazara genişlənmək və xidmətlərini təkmilləşdirmək üçün investisiyalar etməyə davam edir.
Ancaq “Amazon”, “AliExpress” və “Shein” kimi platformalarla sərt rəqabətdə qalib gəlmək üçün logistika, keyfiyyət nəzarəti və müştəri məmnuniyyəti sahəsində ciddi addımlar atmalıdır. Bazar müşahidəçiləri "Temu"nun gələcək illərdə daha da böyüyəcəyini, lakin uzunmüddətli dayanıqlılığının hələ də sual altında olduğunu bildirirlər.
“Temu” nun üstünlükləri
Platforma istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqə yaradaraq məhsulları vasitəçilərsiz satmağa imkan verir. Burada satıcılar birbaşa istehlakçılara məhsul təklif edir və bu, qiymətlərin aşağı olmasını təmin edir. Bir çox insan bu onlayn platformadan məhsul alır, çünki məhsullar birbaşa istehsalçılardan gəldiyi üçün qiymətlər digər platformalara nisbətən daha sərfəlidir.
Geyim, elektronikadan tutmuş məişət əşyalarına qədər geniş kateqoriyada məhsullar mövcuddur. Qrup alış-verişi, kuponlar və digər kampaniyalarla məhsulları daha ucuz əldə etmək mümkündür. Çoxsaylı ölkələrdə müəyyən məbləğdən yuxarı sifarişlər üçün pulsuz çatdırılma və 90 gün ərzində pulsuz qaytarma xidməti mövcuddur. Bu kimi xidmətlərin olması sözügedən onlayn ticarət platformasını sevilən edir.
"Temu”nun çatdırılma və sifariş prosesi də insanların bu onlayn ticarət platformasını seçmələri üçün uyğundur. Belə ki, “Temu” da məhsulların çatdırılma müddəti 7-15 gün çəkir. Sifarişlər üçün izləmə kodu təqdim olunur, məhsul çeşidi genişdir, çatdırılma və qaytarma siyasəti müştəriyə sərfəlidir. Amma “Temu”nun da çatışmazlıqları var. Belə ki. Çatdırılma müddəti uzun, bəzi məhsullar gözləniləndən aşağı keyfiyyətdə ola bilər.
Sərvanə Rəmixanova