AZ

Bütün əhali qruplarından, xüsusən də internat tipli təhsil müəssisələrinin uşaqları tərəfindən mənə ünvanlanan müraciətləri diqqətdə saxlayıram - Ombudsman

"Ombudsman Aparatı olaraq, tərəfimizdən keçirilən monitorinqlər zamanı internat tipli təhsil müəssisələrinin tədris materialları, informasiya və kommunikasiya texnologiyaları ilə təminatı baxımından nəzərəçarpacaq problem müşahidə edilməmişdir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı internat məktəblərində müvafiq dərslik və dərs vəsaitlərinin təminatı ilə bağlı tədbirlərin gücləndirilməsi zəruri hesab edilir".

Bu sözləriAzərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

Ədliyyə Nazirliyinin tabeliyində Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində (Kompleks) məhkumların müasir tələblərə uyğun şəraitdə saxlanılması, faydalı əməklə məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi, təhsil və peşə ixtisaslarına yiyələnməsi, cəmiyyətə reinteqrasiyası üçün lazımi infrastrukturun yaradılmasından söz açan Ombudsman, burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağının mövcud olduğunu, eyni zamanda Ədliyyə Nazirliyinin tabeliyində olan digər penitensiar müəssisələrdə də bu istiqamətdə tədbirlərin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

"Ombudsman Aparatına bütün əhali qruplarından, o cümlədən Elm və Təhsil Nazirliyinin tabeliyində olan internat tipli təhsil müəssisələri, habelə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan penitensiar müəssisələrində olan uşaqlar tərəfindən də müraciətlər ünvanlanır. Məlumat üçün bildiririk ki, tərəfimizdən keçirilən bütün monitorinqlər zamanı bizə müraciət etmək imkanları barədə şəxslərə məlumat verilir. Bundan başqa, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə, o cümlədən dövlət uşaq müəssisələrində Ombudsman Aparatının əlaqə vasitələri, habelə həftənin bütün günləri və 24 saat ərzində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumat lövhəsi yerləşdirilir. Qeyd edək ki, Çağrı mərkəzi hər bir şəxs üçün əlçatan olmaqla yanaşı müraciətlərə daha çevik qaydada baxılmasının təmin edilməsində mühüm rola malikdir. Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində mənə göndərilməlidir. Şikayətlər üzrə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində araşdırmalar aparılır, aidiyyəti qurumlara müraciətlər ünvanlanır, şəxslərin hüquqlarının təmini istiqamətində qanunamüvafiq tədbirlər həyata keçirilir. Şəxsən mənə uşaq hüquqlarının pozulması halları ilə bağlı ünvanlanan şikayətlərlə yanaşı, bu istiqamətdə media subyektləri tərəfindən və ya sosial şəbəkələrdə materiallar yayımlandıqda dərhal mənim təşəbbüsümlə zəruri tədbirlər həyata keçirilir, bir sıra hallarda yerində araşdırma aparılır”, - deyə Səbinə Əliyeva qeyd edib.

Mənbə: azturkxeber.az

Seçilən
10
azturkxeber.az

1Mənbələr