Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki Səfiri İssam bin Saleh əl-Cuteyli bu gün Əmək və Əhalinin Sosian Müdafiəsi Nazirliyi tərkibində Sosial Xidmətlər Agentliyində olub.
Hafta.az-ın yazdığına görə, görüşdə Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana göndərilən 20 ton həcmində xurma sovqatının təhvil-təsliminə dair sənəd imzalanıb.
Sosial Xidmətlər Agentliyinin direktoru Vüqar Behbudov bu humanitar təşəbbüs üçün Səudiyyə Ərəbistanı rəhbərliyinə və şəxsən səfir əl-Cuteyliyə təşəkkürünü bildirib. V.Behbudov səudiyyəli diplomata Sosial Xidmətlər Agentliyinin fəaliyyəti, həssas kateqoriyadan olan insanlara göstərilən xidmət və həyata keçirilən sosial layihələr haqda məlumat verib.
Səfir İssam bin Saleh əl-Cuteyli bu gözəl işdə dəstək olduqları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qafqaz Müsəlmanları İdarəsinə və digər əlaqədar təşkilatlara təşəkkürünü bildirib.
“Səudiyyə Ərəbistnı Krallığının Azərbaycandakı səfirliyi olaraq məqsədimiz Kral Salman adına Yardım Mərkəzi tərəfindən göndərilmiş xurma hədiyyəsini təqdim etməkdir. Həmişə çalışmışıq ki, bu, müqəddəs Ramazan bayramından qabaq olsun. Hesab edirəm ki, xurma sovqatı Səudiyyə və Azərbaycan ictimaiyyətləri arasında onsuz da xoş olan münasibətləri daha da sıxlaşdıracaq. Bu gün 20 ton xurma təhvil verildi və sovqat şəhid ailələrinə, müharibə əlillərinə və aztəminatlı ailələrə paylanılacaq. Bu sovqat Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan xalqına göstərdiyi qardaşlıq nümunəsidir. Məhsul artıq nəzərdə tutulmuş insanlara çatdırılmağa başlanılıb və ən qısa vaxtda proses yekunlaşdırılacaq”, - deyə səfir bildirib.
Səfir qeyd edib ki, xurma sovqatı Səudiyyə Ərəbistanı Kralı Salman və Vəliəhd şahzadə tərəfindən hər il dünyadakı müsəlman ölkələrinə hədiyyə olaraq göndərilir. Xurma sovqatının çatdırılması prosesi müqəddəs Ramazan ayı başlamadan öncə tamamlanır ki, bu da müsəlman cəmiyyətlərində xoş qarşılanır.
“Ümumiyyətlə, biz həmişə çalışmışıq ki, bu sovqat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə paylanılsın. Çünki nazirlik Azərbaycanda həssas qruplarla işləydiyi üçün onları yaxşı tanıyır. Bu, bizim əvvəl icra etdiyimiz və gələcəkdə də həyata keçirəcəyimiz layihələrin bir hissəsidir”, - səfir İssam bin Saleh əl-Cuteyli deyib.
Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədr müavini Zaur İbrahimov isə deyib ki, sovqat Bakı, Sumqayıt və Abşeronda yaşayan 5 min nəfərə paylanılmaqdadır.