AZ

Santyaqo Ximenes 32 milyon avroya “Milan”da

Niderlandın “Feyennord” klubunun meksikalı hücumçusu Santyaqo Ximenes bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

“Milan” bu transfer üçün “Feyenoord”a 32 milyon avro ödəyib. 23 yaşlı forvardla müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. O, “Feyenoord”a 2022-ci ilin iyulunda 6 milyon avro müqabilində elə “Krus Asul”dan keçmişdi. Meksikalı hücumçu Niderland klubunda meydana çıxdığı 105 oyunda 65 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 32 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Santyaqo Ximenesi heyətinə qatmış “Milan” sağ cinah müdafiəçisi Davide Kalabriyanı da “Bolonya”ya icarəyə verib. 28 yaşlı italiyalı futbolçu cari mövsümün sonunadək bu klubda icarədə olacaq.

Xatırladaq ki, Davide Kalabriya “Milan”ın öz yetirməsidir. Müdafiəçi 2015-ci ilin yayından əsas komandada çıxış edir. O, indiyə qədər bu komandada 272 matça çıxıb, 10 qola imza atıb, 21 assist müəllifi olub. Müdafiəçi 2020-ci ilin noyabrında debüt etdiyi İtaliya yığmasında da 7 oyun keçirib.

Davide Kalabriya ilə güclənmiş “Bolonya” da müdafiəçisi Stefan Poşu “Atalanta”ya icarəyə verib. Berqamo təmsilçisi 27 yaşlı avstriyalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Xatırladaq ki, Stefan Poş 2022-ci ilin sentyabrından formasını geyindiyi “Bolonya”nın heyətində 85 oyuna çıxıb. O, bu matçlarda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi daha öncə “Hoffenhaym”, “Admira Vakker” klublarının da uğurları üçün çalışıb.

Poş 2019-cu ilin iyununda debüt etdiyi Avstriya milli komandasında 42 matça çıxıb, 2 qol və 5 assistlə yadda qalıb.

Seçilən
23
arena.az

1Mənbələr