AZ

Dünya ticarət müharibəsi başladı- fantastik bahalaşma gəlir...

Image

Fevralın 4-dən ABŞ-da Kanada, Meksika və Çindən gələn mallara tariflər qüvvəyə minəcək. Müvafiq sərəncamı imzalayan prezident Donald Tramp bildirib ki, bu tədbir Kanada və Meksikanın öz sərhədlərindən qeyri-qanuni miqrant və narkotik axınının qarşısını ala bilməməsinə, Çinin Şimali Amerikaya narkotik maddə olan fentanil göndərməsinə cavabdır. 

Tramp bununla bağlı bildirib: “Mən Meksika və Kanadadan idxala 25% tarif (Kanada enerjisinə 10%) və Çinə əlavə 10% tarif tətbiq etdim”.

Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Ağ Ev ölümcül fentanil də daxil olmaqla qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı təhlükənin milli fövqəladə vəziyyət yaratdığını bildirir. Ötən maliyyə ilində ABŞ Gömrük və Sərhəd Mühafizəsi 10 tondan çox fentanil ələ keçirib. Hər il təxminən 75 000 amerikalı Meksika və Kanadada Çindən göndərilən və sonra ABŞ-a qeyri-qanuni idxal edilən kimyəvi maddələrdən istehsal olunan fentanilin həddindən artıq dozası nəticəsində ölür. Çin, Kanada və Meksikadan gələn mallar ABŞ-ın ümumi idxalının 40%-ni təşkil edir. ABŞ neft emalı sənayesinin təxminən 20-25%-i Kanada neftindən istifadə edir. ABŞ-a bütün meyvə və tərəvəz idxalının təxminən 64%-i Meksikadan gəlir. Cavab addımı olaraq  Kanada və Meksika dərhal Amerika mallarına öz 25 faizlik tariflərini tətbiq ediblər. Kanadanın baş naziri Castin Trüdonun sözlərinə görə, Ottava ərzaq məhsulları, spirtli içkilər, geyim və ayaqqabılar, məişət texnikası, mebel, taxta və xammala rüsumlar tətbiq edəcək. Trüdo həmyerlilərini Kentukki burbonundan daha çox Kanada viskisi seçməyə, Florida portağal suyundan imtina etməyə və yay tətili planlarını ABŞ-da deyil, evdə istirahətə dəyişməyə çağırıb. Ümumiyyətlə, Kanada 155 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Meksika prezidenti Klaudiya Şeynbaum hökumətinin cinayətkar təşkilatlarla əlbir olması ilə bağlı ittihamları “böhtan” adlandırıb və ABŞ-ı Meksika kartellərinə qeyri-qanuni silah daşınmasını dayandırmaq üçün daha çox iş görməyə çağırıb. Meksikanın ABŞ ilə əməkdaşlığa hazır olduğunu vurğulayan Şeynbaum qeyd edib: “Problemlər tariflərin qoyulması ilə deyil, danışıqlar yolu ilə həll edilir”.  Eyni zamanda, o, İqtisadiyyat nazirinə cavab tədbirləri görməyi tapşırıb. Meskikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-ın “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.

Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. Bundan əvvəl Çin Ticarət Nazirliyi Vaşinqtonun qərarlarını kəskin şəkildə pisləyib. Pekinin bəyanatında deyilir ki, Çin öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq əks tədbirlər görəcək. Bundan əlavə, Çin ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatına şikayət etmək niyyətində olduğunu açıqlayıb. Yaponiya hökumətinin baş iqtisadçısı Tomoko Hayaşi bildirib ki, ABŞ-Çin yeni ticarət müharibəsinin bir hissəsi kimi yüksək tariflər Yaponiya iqtisadiyyatına mənfi təsir göstərəcək. O qeyd edib ki, bu gün Yaponiya şirkətləri Donald Trampın siyasətinin nəticələrinə onun birinci dövründə olduğundan daha yaxşı hazırdır.  Rus ekspert İrina Akimuşkinanın fikrincə, əgər Vaşinqton tariflərin artırılması və miqrantların çıxarılması ilə bağlı planlaşdırdıqlarını hətta yarıya qədər həyata keçirə bilsə, Meksika iqtisadi çöküşlə üzləşəcək: “Meksika rəhbərliyinin bunun qarşısını necə ala biləcəyi hələ aydın deyil. Ancaq Meksika narkotik kartelləri ilə mübarizənin kəskin problemi də var ki, bunda ABŞ öz hərbi gücündən çox yaxşı istifadə edə bilər”.  İqtisadçılar xəbərdarlıq edirlər ki, ABŞ-ın idxal tariflərinin tətbiqi və təsirə məruz qalan ölkələrin cavab tədbirləri geniş çeşiddə malların - avtomobil, taxta və poladdan tutmuş ərzaq və spirtə qədər qiymətlərin bahalaşmasına səbəb ola bilər. Buna baxmayaraq, Tramp həmçinin xəbərdarlıq edib ki, o, gələcəkdə Avropa İttifaqına tariflər tətbiq etməyi planlaşdırır, çünki onun təbirincə desək, təşkilat ABŞ-la pis rəftar edib. “Politico” nəşri öz mənbələrinə istinadla məlumat yayıb ki,  Donald Tramp Avropa ölkələrindən idxal olunan mallara rüsumları artıracağı təqdirdə Avropa İttifaqı və Böyük Britaniya əks tədbirlər görəcək. Brüssel Donald Trampın proteksionist siyasətə qayıdacağından və Avropa İttifaqı məhsullarına rüsumları yenidən artıracağından narahatdır. “Avropa ABŞ-la düşmənçilikdə maraqlı deyil, lakin bu dəfə Donald Trampın ilk prezidentlik müddəti ilə müqayisədə münaqişəyə daha çox hazırdır. Brüssel və London aylardır ticarət müharibəsi ssenariləri üzərində çalışır və zərurət yaranacağı təqdirdə cavab tədbirləri hazırlayır”, - deyə nəşrin həmsöhbətləri bildirib. Avropa rəsmiləri ümid edirlər ki, Vaşınqtonla razılıq əldə olunacaq, lakin rüsumların tətbiq olunacağı təqdirdə ABŞ məhsullarına cavab tarifləri də daxil olmaqla bütün əks tədbirlərə hazırlıq görülüb. Bir müddət öncə “The Telegraph” qəzeti Donald Trampın xüsusi saziş çərçivəsində Böyük Britaniyanı idxal rüsumlarından azad edə biləcəyini yazıb. Birləşmiş Krallığın maliyyə naziri Reyçel Rivz Londonun Vaşinqtonla dialoqda azad ticarət ideyasını irəli sürməyə davam edəcəyini vurğulayıb. O, həmçinin Donald Trampın dövründə ölkələr arasında mövcud ticarət axınının davam edəcəyinə əminliyini ifadə edib.

Ramil QULİYEV





Seçilən
11
baki-xeber.com

1Mənbələr