![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/mina.webp)
Şəmsəddin Əliyev: “ANAMA-da Hesablama Palatasının ortaya çıxardığı nöqsanlar ciddi şəkildə araşdırılmalıdır”
Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov tutduğu vəzifədən azad olunub.
Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb. O, agentlikdə işlədiyi müddət ərzində qanunsuzluqlarla və işçilərə qarşı etdiyi haqsızlıqlarla tanınırdı. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gündür ki, agentlikdə yoxlamalar aparırdı. Məlumat üçün qeyd edək ki, 2023-cü il 28 yanvar tarixli sərəncamla Bəhruz Əmir oğlu Məmmədov ANAMA İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Bəzi məlumatlara görə, o özünü yaxşı aparmayıb, işçiləri incidib, barəsində narazılıqlar olub. Bu, həm də ANAMA-da sağlam olmayan mühitdən xəbər verir.
Reportyor.info-nun apardığı araşdırma nəticəsində məlum olub ki, Agentlik təkcə ötən il 54 satınalma müsabiqəsi keçirib. Bu müsabiqələr boyalardan tutmuş itlər üçün aksesuarların satın alınmasına qədər ən müxtəlif satınalma predmetlərini əhatə edir. Keçirilən tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 17 968 943,58 manatdır. ANAMA cari ildə isə iki tender keçirib. Tenderlərdən biri Füzuli rayonu, Horadiz şəhərində yerləşən ANAMA-ya məxsus qeyri-yaşayış sahəsinin (qazanxana) qazlaşdırılması işlərinin, digəri isə bərk invertarların satın alınması ilə bağlıdır. Hər iki tender üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 225 068,35 manatdır. Tenderlərdə qalib seçilən şirkətlərin əhəmiyyətli hissəsi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəzi şirkətlər isə tender kralı kimi tanınır. Məsələn, ANAMA-nın son tenderinin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin tender oyunlarında iştirakı barədə mediada çox yazılıb. Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur.
Mediada gedən məlumatlardan aydın olur ki, şirkət əsasən şübhəli tenderlərin qalibi olur. ANAMA-nın keçirdiyi satınalma müsabiqəsi ilə bağlı məlumatları təhlil etdikdə qurumda aparılan yoxlamanın zəruriliyinə və nəticənin agentliyin rəhbərliyi üçün heç də xoş olmadığına şübhə yeri qalmır. Görünür, agentliyin keçirdiyi dövlət satınalmaları yuxarı instansiyaların da diqqətindən yayınmayıb.
Maraqlıdır, ANAMA ilə bağlı bu qədər şübhəli məlumatların yayılması nə ilə bağlıdır? Nəzərə almaq lazımdır ki, Hesablama Palatasının yoxlaması sıradan bir yoxlama deyil və ciddi məqamlardan xəbər verir. HP əgər ciddi məlumatlar ortaya çıxarıbsa, belə vəziyyətdə doğrudan da hesab olunur ki, ANAMA-da nəsə var. Eyni zamanda ANAMA-nın bu qədər həssas nöqtəyə çevrilməsi də təsadüfi deyil. Əslində ANAMA işğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi kimi strateji bir işlə məşğul olur. Dörd ildir ərazilərimiz işğaldan azad edilsə də, ərazilərimizin minalardan təmizlənməsi prosesinə beynəlxalq təşkilatları cəlb edə bilmirik, donor dövlətlər, qurumlar bu işə vəsait ayırmır. Halbuki, minatəmizləmə işi çox bahalı layihədir. Buna milyardlarla vəsait və 25 il vaxt lazımdır. Üstəlik, fiziki baxımdan mütəxəssis çatışmır. Yalnız Azərbaycanın daxili imkanları hesabına bunu həll etmək mümkün deyil. Bununla bağlı minatəmizləyənləri də təklif etmirlər. Belə şəraitdə ANAMA-da bu cür xoşagəlməz məlumatların yayılması, əslində Azərbaycan dövlətinin ərazilərimizi minalardan təmizləmə strategiyasına və bu istiqamətdə dünya dövlətləri ilə əməkdaşlığına böyük zərbə vurur. ANAMA-da belə şeylərin baş verməsi olduqca ziyanlı bir şeydir. Çünki ANAMA kimi qurum olduqca sağlam, dürüst fəaliyyət göstərən bir Agentlik olmalıdır. Ancaq bu kimi məlumatlar ANAMA ilə bağlı şübhələri gücləndirir.
“Görəndə ki, minaların təmizlənməsi ilə bağlı vəsaitlər təyinatı üzrə xərclənmir, hansı gələcək əməkdaşlıqdan söhbət gedə bilər?”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, ANAMA kimi bir qurumda belə nöqsanların ortaya çıxması biabırçılıqdır: “Bütün bunlar insanda ciddi məyusluq yaradır. Məntiqli şəkildə düşünəndə məlum olur ki, mina terroruna qarşı yaradılan dövlət qurumunun fəaliyyəti qənaətbəxş deyil. İşdən azad edilən həmin məmur dövlətin yaratdığı imkanlardan düzgün istifadə etməyib. Prezidentin etibarından sui-istifadə edərək başqa işlərlə məşğul olub. Halbuki, sözügedən Agentlik son dərəcə işinə ciddi yanaşmalı idi. Ona görə ki, bu qurumun fəaliyyətinə ictimai diqqət var. Bir belə vəsaiti daha çox ərazini minalardan təmizləməyə yönəltmək, dünyanın bura diqqətini cəlb etmək əvəzinə, göz görə-görə nöqsanlara yöl vermək bağışlanılmazdır. Strateji nöqteyi-nəzərdən bunlar Azərbaycanın imicinə zərbə vurur. Çünki minatəmizləmə prosesinə beynəlxalq təşkilatların cəlb edilməsi bu gün qarşıda duran ən vacib məsələlərdən biridir. Böyük Britaniyanın minatəmizləmə işində Azərbaycana göstərdiyi cüzi maliyyə yardımını çıxmaqla, bizə bu sahədə yardımların edilməsi yox səviyyəsindədir. Bunun başlıca səbəbi Azərbaycana münasibətdə illərdir özünü göstərən ikili standartlardır. Bu tərəfdən də ANAMA-nın fəaliyyətində olan nöqsanların ortaya çıxması, təbii ki, beynəlxalq qurumları Agentliklə əməkdaşlıq etməkdən çəkindirəcək. Görəndə ki, minaların təmizlənməsi ilə bağlı vəsaitlər təyinatı üzrə xərclənmir, bu zaman hansı gələcək əməkdaşlıqdan söhbət gedə bilər? Bu baxımdan hesab edirəm ki, ANAMA-da Hesablama Palatasının ortaya çıxardığı nöqsanlar ciddi şəkildə araşdırılmalıdır. DTX-nın həyata keçirdiyi təxirəsalmaz tədbirlər digərlərinə görk olnaq əvəzinə, bunun əksi baş verir. O baxımdan hesab edirəm ki, bu məsələnin üzərinə getmək lazımdan. Çünki ərazilərin minalardan təmizlənməsinin yubanması məcburi köçkünlərin geri qayıtmasını yubadır. Ona görə də baş verənlərə ciddi yanaşmaq lazımdır”.
Vidadi ORDAHALLI